"İlk 10-15 dəqiqə "Qarabağ" üçün çətin olacaq, dözmək lazımdı, sonradan təmsilçimiz öz oyununu diqtə edəcək"

19:47 - 6 Oktyabr 2022

"Qarabağ"da sabiq üzvü Elmir Xankişiyev Sportal.az saytına açıqlama verib.

O, Ağdam klubunun "Olimpiakos"la matçdakı şanslarını dəyərləndirib:

"Mətbuatdan da izləyirəm, hamı "Qarabağ"ı favorit göstərir. Amma bu, kağız üzərindədi. Gərgin oyun olacaq. "Olimpiakos"da nə qədər itki olsa belə, doğma meydanda oynayacaq. Yunan azarkeşlər çox çılğın olur. Türklərə qarşı həmişə aqressivdilər. Bu mənada, çox gərgin matç olacaq. "Qarabağ" arxayınlaşmamalıdı. Bu çətinliklərin qarşısı almalıdı. Rəqib meydanında oynamaq həmişə çətin olur. "Qarabağ" belə çətinliklərə öyrəşib. Həmişə vəziyyətlərdən başıuca çıxır. Bəli, "Qarabağ"ın səfərdə "Olimpiakos"u məğlub etmək şansı var. Bunu bacara bilərlər. Amma çətin olacaq. Qalib gəlmək də olar, əsas odur ki, "Qarabağ" orada uduzmasın".

Xankişiyevin fikrincə matçın ilk dəqiqələri Azərbaycan çempionu üçün çətin alınacaq: "Yəqin ki, ilk 10-15 dəqiqə "Qarabağ"a çətin olacaq, bu da oyun stressinə görədi. Buna dözmək lazımdı. Vaxt keçdikcə təmsilçimiz topa sahib olub, öz oyununu diqtə edəcək. "Olimpiakos"un baş məşqçisi yenidi. O, komandanı dərindən tanımır, bir tərəfi də var ki, yeni baş məşqçi gələndə oyunçular çalışır özünü ona göstərsin. Yeni baş məşqçinin belə üstünlükləri də var. O demək deyil ki, yeni baş məşqçi "Qarabağ"ı tanımır. Onlar da analizlər aparıblar, zəif və üstün cəhətlərinə baxıblar. Yeni baş məşqçinin gəlməsinin yaxşı tərəfi də var, pis tərəfi də".

"Qarabağ"ın veteran futbolçusu bildirib ki, "Olimpiakos"a qarşı iki oyun qrupun taleyinə də aydınlıq gətirəcək: "Ardıcıl iki oyun "Olimpiakos"a qarşıdı. Bu da qrupun taleyini həll edəcək, "Qarabağ"ın neçənci yeri tutacağı bilinəcək. Bu iki oyun hər şeyi həll edəcək. Ona görə də əsas şərt "Qarabağ"ın "Olimpiakos"a uduzmamasıdı. "Qarabağ" evdə azarkeşlərin köməyi ilə Yunanıstan klubuna qalib gələrək ən azından ikinci yeri özünə təmin edə bilər".

"Qarabağ"da oynamış veteran futbolçu komandanın qışda heyətini gücləndirməli olduğunu söyləyib: "Vadji çox xeyir verirdi "Qarabağ"a, irəlidə pressinq edirdi, yaxşı hücumçu idi. Ramil Şeydayev, Musa Qurbanlı daha effektiv oynayır, yaxşı formadadılar. Yaxşı mərkəz hücumçusu tapmaq çətin olur. "Qarabağ" skautları axtarışdadılar. Qışda tapıb gətirsələr, "Qarabağ" üçün də xeyirli olar. Qrupdan da çıxsalar, mütləq hücumçu lazımdı. "Qarabağ"a üç mövqe üçün oyunçu lazımdı. Bir müdafiəçi, bir qapıçı və bir hücumçu gərəkdi. Heyəti gücləndirsələr, "Qarabağ"ın işləri daha yaxşı gedər".

Xəbər xətti