"Fənərbaxça"da məşqçi işləyən millimizin üzvü: "Çıxış yolu sponsorları voleybola cəlb etməkdir" - MÜSAHİBƏ

15:01 - 8 Yanvar 2023

Azərbaycanda idmanın inkişafı üçün dövlət səviyyəsində böyük işlər aparılır və bu işlər öz nəticələrini göstərir. Məhz dövlət səviyyəsində göstərilən diqqətdən sonra Azərbaycanda fərdi idman növləri ilə yanaşı, komanda idman növləri də inkişaf etməyə başladı.

Bu idman növlərindən ən birinci nəticə verənin voleybol olduğunu desək, yanılmarıq. Hazırda kişi və qadın voleybol millimizin nəticələrinin yüksək olduğunu demək çətindir. Ancaq ölkəmizdə qadın voleybolu hər zaman populyarlıq qazanıb. Bunun fonunda isə kişi voleybolu sanki həmişə kölgədə qalıb.

Bəs hazırda kişi voleybolunda durum necədir? Azərbaycan milli komandasının və “Neftçi”nin üzvü Vadim Kutukov Sportal.az saytına müsahibəsində həm voleybola gəlişindən, həm də bu idman növünün ölkəmizdəki hazırkı vəziyyətini şərh edib. O, voleybolumuzun gələcək perspektiv vəd etdiyini söyləyib.


- Öncə özünüz haqda məlumat verərdiz. Voleybola nə vaxt başlamısız? Maraqlıdır ki, uşaqlıqdan yalnız voleybolla məşğul olmusuz? 
- 1986-cı ildə Bakıda dünyaya gəlmişəm. Əslində, uşaqlıqdan voleyboldayam. Atam Kutukov İqor voleybol üzrə idman ustasıdır. Hər dəfə öz oyunlarına, məşqlərinə məni də aparırdı. Amma düzü, bu idman növünə çox da həvəsim olmayıb. Basketboldan tutmuş cüdo, sambo, yüngül atletika, futbola qədər hamısı ilə məşğul olmuşam. Amma sonda yenə voleybola qayıtmışam. Peşəkar voleybol karyerama isə 2009-cu ildən, 21 yaşım olanda başlamışam. Gec olsa da, məncə, uğurlu alınıb. 

- Adını sadaladığınız idman növlərindən birində niyə qalmaq istəmədiz? 
- Düzü, seçimimdən peşman olmuram. Amma dünyaya növbəti dəfə gəlsəydim, futbolu seçərdim. Əsas da qapıçı olardım. Çünki bunu gözəl bacarırdım. Atam idmançı olduğuna görə hər zaman idmanı sevən olmuşam. Buna görə atama böyük borcum var. 


- Hansı komandaya azarkeşlik edirsən? Azərbaycanda bəyəndiyin qolkiper hansıdır?
- Əlbəttə ki, "Neftçi"yə azarkeşlik edirəm. Çünki özüm 14 ilə yaxındır ki, "Neftçi"liyəm. Xarici klublardan "Real"a (Madrid) azarkeşlik edirəm. Bizim oyunçulardan, qolkiperlərdən favoritim yoxdur. Futbolçulardan isə atlet və idmançı kimi Kriştiano Ronaldonu bəyənirəm.



- Başqa idman növlərindən idmançılarla münasibətiniz  var? 
- Mən dostluq etməyi sevən biriyəm. Hər sahədə, hər bir idman növündə tanışım var. Ən çox tanışım basketboldandı. Daha yaxın olduğum isə Amil Həmzəyevdir. Onunla çox vaxtı bir yerdə oluruq, oyunlarda bir-birimizə dəstəyik. Qaldı ki, digər idman növlərinə, tanışım çoxdur. Hər kəslə münasibətim yaxşıdır. 


- Kişi voleybolunun ölkəmizdəki durumunu necə dəyərləndirirsən? 
- Voleybolumuz normal durumdadır. Amma federasiyamız və nazirlik tərəfindən çoxlu iş aparılmalıdı. Allah qoysa, əl-ələ verib birlikdə gözəl nəticələr qazanarıq. Ümid edirəm ki, Avropadakı voleybolun səviyyəsinə çatarıq və ölkəmizdə voleybolu populyarlaşdırarıq. Bu idman növü ilin 12 ayı oynanılır. Məsələn, payızda klassik, yayda çimərlik, qışda isə qar voleybolu üzrə yarışlar keçirilir. 



- Ölkə çempionatının daha yaxşı səviyyəyəy gətirmək olar? Bunun üçün yəqin ki, yaxşı maliyyə dəstəyi lazımdır...
- Bu problem dəfələrlə üzə çıxırdı. Təkcə voleybolda yox, ümumi idmanda belədir. Çıxış yolumuz sponsorları voleybola cəlb etməkdir. Hər il maraqlı liqamız olur. Ancaq super səviyyəyə çatmaq üçün maliyyə olmalıdır. Bunun üçün isə sponsorlar lazımdır. Məsələn, Türkiyədə banklar və bələdiyyələr voleybola diqqət ayırır.


 

- Maraqlıdır ki, daim qadınlar üzrə voleybol yığmamız həmişə populyarlıq qazanıb ölkəmizdə. Uğurlu nəticələri ilə yadda qalıblar. Bəs, kişi voleybolunda niyə uğurlu nəticələr yoxdur? 
- Bəli, keçmişdə bütün diqqət qızlara ayrılırdı, nəticə də var idi. Amma son illərdə federasiyadam kişilərə daha böyük diqqət olur. Biz 2017-ci ildə keçirilən İslam oyunlarında gümüş medal qazanmışdıq. Sizə deyim ki, son illərdə liqamız çox baxımlı alınır. 



- Yəqin ki, tək voleybolla məşğul deyilsən? Hər halda, təkcə bu idman növü ilə məşğul olaraq, keçinmək çətindi? Yəqin ki, maaşlarınız çox aşağıdır? 
Maliyyə problemi yaşamırıq. Millidə olduğumuz vaxtda federasiya, liqa oyunları zamanı isə məxsus olduğumuz klublar oyunçuları maliyyələşdirir. Əgər güclü oyunçusansa, onda yaxşı müqaviləyə qol çəkirsən. Voleybolla yanaşı, mən fitness məşqçisi kimi də fəaliyyət göstərirəm. Üstəlik, "Fənərbaxça"nın rəsmi məktəbində voleybol üzrə uşaq məşqçisi işləyirəm. Həm öyrənirəm, həm də öyrədirəm. 


- Qonşularımız Rusiya, Türkiyədə voleybolun durumu çox yaxşı vəziyyətdədir. Ölkə xaricində legioner həyatı yaşamaq planınız, variantınız olub? 
- Heyf ki, bizdə voleybol güləş, futbol kimi populyar deyil. Siz dediyiniz kimi, qonşu ölkələrdə voleybol demək olar ki, çox populyardı. Hər oyunda zalda rahat 2-3 min adam olur. Bundan gözəl nə ola bilər? Legioner həyatı yaşamamışam, çünki gec başlamışam voleybola. Həm də buna ehtiyac olmayıb. Azərbaycanda qalmağım və oynamağım özüm üçün faydalıdı. 

 

- Basketbol çempionatına uzun müddətdən sonra, 2022-ci ildən yenidən təkan verildi. Bu sizə ümid verdi ki, nə vaxtsa voleybola da eyni diqqət ayrılacaq?
- Basketbol və basketbolçularımızın adına çox sevinirəm. Gözəl təşkilatçılıq var, komandalar, reklam və liqanın yayımı super səviyyədədir. Təki daimi olsun. İdmanı sevmək lazımdı. Vaxt olub ki, qızlarımızın liqası Avropada ən güclü və ən baxımlısı idi. İnanıram ki, həm kişi, həm də qadın liqalarımız yavaş-yavaş Avropa səviyyəsinə qayıdacaq. 


 

- Sizcə, kollektiv idman növləri arasında ən çətini hansıdır? Voleybol basketbol və futbolla müqayisədə zədəyə daha az meyillidir. Bu da kontaktın olmamasına görədir. Razısan?
Düzdü, voleybol kontakt olan idman növü deyil. Amma texniki cəhətdən daha çox çətindir. Çünki topu göydə saxlamalıyıq. Zədələr hər bir peşəkar idman növündəki kimi bizdə də olur. Çünki oyun ərzində təxmini 500 dəfəyə qədər tullanırıq. Bir sözlə texniki cəhətdən voleybolu birinci pilləyə qoyardım. Ardınca basketbol və futbol gəlir. 



Mirbağırağa Cəfərli         

Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI I         

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb. 


 

 

 

 

Xəbər xətti