Şahin Diniyev: "Qvardiolanın, Mourinyonun nəyisə düz etmədiyini deməyimiz ayıbdır"

22:10 - 31 Yanvar 2023

"Səbail" Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində doğma meydanda "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "dənizçilər"in baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb: 

 

- Sürətli, qarşılıqlı hücumlar şəraitində keçən oyin oldu. Hər iki komanda qələbəyə yaxın idi. Kim qalib gəlsəydi, bu, təsadüf olmayacaqdı. Biz şansımızdan istifadə edə bildik. İlk hissədə çox qol vəziyyətlərimiz oldu. İkinci hissədə "Kəpəz"in təzyiqi çoxaldı. Taktiki cəhətdən kompakt şəkildə oynamağa çalışdıq. Rəqibi əks-hücumlarda tutmaq istəyirdik. Buna da nail olduq. Komandanın üzərində böyük psixoloji təzyiq var. Bizə bir qələbə lazım idi. Futbolçularıma təşəkkür edirəm ki. Komanda oyundan-oyuna artıracaq. Türkiyədə daha çox funksional hazırlığın üzərində işlədik. Bundan sonra taktikanın üzərində çox çalışacağıq. Bu futbolçuların potensialı böyükdür. Mənə sual verirlər ki, niyə legionerlər dəvət etmədiz. Çox çətin dönəmdir. Qışda yaxşı futbolçu tapmaq, onun uyğunlaşması çətindir. Ümid edirəm ki, bu oyunçular mənim etibarımı doğruldacaqlar. Bu gün yaxşı komandaya qalib gələ bildik.


- "Səbail"in ciddi uğurlar qazanacağına inanırsız?

- İnanıram. Bəlkə də yeganə məşqçiyəm ki, hər yerdən istefa verib getmişəm. Görəndə ki, xeyir verə bilmirəm, o zaman gedirəm. Məşqçilik çox çətin işdir. Ciddi uğur dedikdə, bizim iki yolumuz var. Axırıncı yerdən qurtulmaq və kubokda irəli getmək. Bu komandaya, futbolçulara inanıram. İtkilərimiz də var. Ağabala Ramazanovun, Turan Manafovun, Ruslan Hacıyevin  olmaması çətinlik yaradır. 


- Öz oyun üslubunuzda Rafael Beniteslə uyğunluq görürsüz?

- Onunla bir yerdə adımın çəkilməyi mənim üçün utancdır. Onlar böyük mütəxəssislərdir. Bizim bu gün Qvardiolanın, Mourinyonun nəyisə düz etmədiyini deməyimiz ayıbdır. Mənim öz fəlsəfəm var. Oyunum müdafiədən hücuma keçidlər üzərində qurulub. Hücumları daha çox cinahdan yaratmağa çalışıram. Bu gün də bunlar alınırdı. 


- Rahid Əmirquliyevi meydanda görəcəyik?

- 25 futbolçumuz var. Hər biri oynaya bilər. Heç kim deyə bilməzdi ki, bu gün Ədilxan oynayacaq. Matçın gedişindən asılıdır. Rahid də hər zaman hazırdır. Mənə lazımlı futbolçudur. Onun bizimlə olması komanda üçün üstünlükdür. Mütləq oynayacaq.


- "Kəpəz"də çalışmısız bir vaxtlar. İlk qələbəni bu komanda üzərində qazanmaq necə hissdir?

- Məndə heç vaxt prinsip məsələsi olmayıb. Çalışmışam həyatda dürüst olum. "Kəpəz" mənim məşqçilik həyatımda böyük rol oynayır. Bu yaxınlarda ora getmək ehtimalım da oldu. Xeyir verə bilməyəcəyimi düşündüyüm üçün getmədim. Rəqibin kim olması mənim üçün prinsipial xarakter daşımır. 


- Kizitonun durumu necədir?

- Menecerimizdən məlumat aldım, durumu normaldır. MRT olunacaq. Yəqin ki, növbəti matçda oynayacaq. 


- Öz fəlsəfənizi yeritmək üçün bu heyət kifayət edir?

- Mən gələndə komandada ab-hava da yerində deyildi. İlk işim ab-havanı dəyişmək oldu. 14 günlük toplanışda hər şeyi düzəltmək olmur. Çempionluq, ilk üçlük üçün hazır deyilik. Amma son pillədən qurtulmaq və kubokda finala çıxmaq üçün yetərli olan heyətimiz var. 


- Komanda müdafiədən çıxmaqda, oyun qurmaqda çətinlik çəkir. Qapıya ilk dəqiq zərbədən qol vurduz. Bəxtinizin gətirdiyini düşünmək olar?

- Futbol səhvlər oyunudur. Qapıya çox zərbəmiz oldu. Futbol bəxt üzərində qurulmayıb. Hər iki komanda çox istəyirdi. Bu oyun heç-heçəlik deyildi. Kimsə qələbə qazanmalı idi. Bugünkü oyunun 50 faizini Şamaxıda oynasaydıq, orada da qələbə qazana bilərdik. Bəli, müdafiədən çıxışda problemimiz var. Bunu oyundan-oyuna düzəldəcəyik. Bu qələbədən sonra komanda daha rahat oynaya biləcək.


- Azarkeşlər arasında insident baş verib. Bu hadisə barədə nə deyə bilərsiz?

- Bəli, xəbərim oldu. Amma stadionun içində olmayıb. Biz demokratik Azərbaycanda yaşayırıq. Dərəbəylik deyil. Belə şeylər olmamalıdır. Futbol meydançada bitməlidir.

 

Elçin Əlixan

Xəbər xətti