AFFA Benin yığmasında oynayacaq Felipeni milliləşdirmək istəyib? – ÖZÜ AÇIQLADI

13:22 - 19 Oktyabr 2025

"Araz-Naxçıvan"ın futbolçusu Felipe Santos Sportal.az saytına açıqlama verib. O, bu gün Misli Premyer Liqasının 8-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçiriləcək görüşü haqda danışıb:

"Neftçi" əla komandadır. Onlar yaxşı futbol oynayırlar. Amma biz bu görüşdə də əlimizdən gələni edəcəyik. Çətin matç olacaq, amma biz sona qədər mübarizəmizi aparacağıq".

Benin vətəndaşlığına sahib çıxan və bu ölkənin millisində oynamaq hüququ qazanan 28 yaşlı braziliyalı oyunçu bu haqda da fikirlərini bildirib: "Benin milli komandası üçün vətəndaşlıq prosesini tamamladığıma görə çox şadam. Təəssüf ki, Dünya Kubokuna vəsiqə qazana bilmədik. Lakin komandaya kömək edə biləcəyim üçün çox həyəcanlıyam. Milliyə dəvət edilməyimə gəlincə, mən təkcə “Araz Naxçıvan”da deyil, son bir neçə ildə Azərbaycandakı iştirakıma da çox inanıram. İnanıram ki, Azərbaycanda olduğum 4 ildə qollar, məhsuldar ötürmələr və titullarla bu çempionatın diqqət çəkən məqamlarından biri olmuşam. Bu da böyük ölçüdə baş məşqçim Elmar Baxşıyevlə bağlıdır. Çünki o, mənə həmişə güvənib. Ona görə də bu, mənim üçün çox mühüm nailiyyətdir".

Uzun müddətdir Azərbaycanda oynayan Santos milli komandamız üçün milliləşdirilmək şansına sahib olub? Futbolçunun özü AFFA-dan təklif almadığını söyləyib: "AFFA-dan təklif? Bildiyimə görə belə bir məsələ yox idi. Amma Benin millisi üçün milliləşdirildiyimdən sonra bəzi adamlar mənə dedilər ki, kiminsə belə istəyi var imiş. Sadəcə dəqiq bilmirəm, yox idi deyəsən. Hər halda, mən indi Benin millisi üçün oynayacam və komanda üçün bütün gücümü meydanda qoyacam".

Mirbağırağa

Xəbər xətti