Gözlənilməz oldu. Elvin Cəfərquliyevin transferə çıxarılmasından sonra Toralın "Qarabağ"da qalacağını düşünmüşdük. İkisinin birdən yola salınacağını gözə almamışdıq. Qurban Qurbanov belə bir gediş etdi.
Daha bir gözlənilməzlik Toral Bayramovun Türkiyə klubuna keçidi oldu. Onun adı buna qədər də bir neçə dəfə Türkiyə klublarıyla çəkilib. Amma aşağı liqa təmsilçisiylə yox, çempion "Qalatasaray"la. Məsələyə real baxsaq, Toralın ulduzlarla çiyin-çiyinə "Qalatasaray"da oynaması ağlabatan deyildi. Lakin Toral Mahir Emreli kimi Super Liqanın hər hansı ortababında oynaya bilərdi, o səviyyəyə malik futbolçudur. Bəlkə də bizim gözümüzdə elədir...
Toral Bayramov qarşıdakı 3 ili "Bursaspor"da keçirəcək. Bir vaxtların adlı-sanlı, Türkiyə çempionluğu yaşamış klubdur. Lakin son illəri aşağı liqalarda var-gəl etməklə məşğul olub. İndi I Liqaya qalxıblar. Super Liqanı hədəfləyiblər. Alınar-alınmaz bunu zamana buraxaq. Bizə daha çox Toralın fərd olaraq gələcəyi maraqlıdır.
2020/21 mövsümündə "Neftçi"nin heyətində 19 qol vurub, mövsümün bombardiri olan Namik Ələsgərov da Türkiyə I Liqasına yollanmışdı. Bu "Bursaspor"a. Namiki futbolçu kimi axırıncı dəfə elə o vaxtlar gördük. Adam bütün müsbət oyunçu keyfiyyətlərini sanki Türkiyədə qoyub qayıtdı. O gün, bu gün Namik daha əvvəlki kimi oynamadı.
Toraldan daha çoxunu gözləyirdik. Avropanın ortabab çempionatlarında ortabab klublardan biri. Bəlkə də "Bursaspor"dan başqa real təklifi olmayıb. Ümid edək ki, istedadlı oyunçumuz oralarda itib-batmaz!
Fikrət
saytlarin hazirlanmasi
