Qərb derbisindəki məğlubiyyətdən sonra tovuzlu azarkeşlər "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyevi istefaya çağırıblar. Narazı kütlənin arasından keçən rusiyalı mütəxəssisin tükü belə tərpənməyib. Sıfır reaksiya! Berdiyev nəinki karyerasının, bəlkə də ömrünün son çağlarını yaşayan adamdı. Bu cür hallarla o qədər üzləşib, nələr görüb həyatında. Belə adamı 3-5 şüarla istefaya məcbur eləmək mümkün deyil.
Azarkeşlərin səbri bir məğlubiyyətə görə daşmayıb. Berdiyev neçə ildir Tovuz klubundadır, ortada futbol adına yaraşan oyun üslübu yoxdur. Ya gərək aut atışı, ya da başqa standart vəziyyət yaransın ki, qola ümid olsun. Hələ ki nəticə var idi, azarkeşlər bu xoşagəlməz mənzərəyə qəbullanırdılar. Nəticələr pisləşib deyə, daha onu Tovuzda görmək istəmirlər.
"Turan Tovuz"un düz-əməlli oynamadığını klubun başqanı Ehtiram Quliyev də görürdü. Amma sanki gördüklərinə inanmaq istəmirdi. Çünki Berdiyevin hələ də "Turan Tovuz"u çalışdırmasının əsas səbəbkarı məhz Ehtiram Quliyevdir. Futbol ictimaiyyətinin fikirlərini qulaqardına vuran Quliyev bunun acısını çəkir indi. Berdiyev öz xoşu ilə heç hara gedəsi deyil. Son qəpiyinə qədər təzminatını alacaq.
"Turan Tovuz"a bu qədər pul xərclənir, Berdiyevin əlinin altında bu qədər səviyyəli futbolçular var, amma oyun planında bunun qarşılığını verə bilmir. Ehtiram Quliyev pulunu çölə atır, əgər özününküdürsə... İddia edənlər var ki, Tovuz klubuna xərclənən maliyyənin yalnız 1/4 hissəsi Quliyevə məxsusdur, qalanı adının çəkilməsini istəməyən tovuzlu iş adamı tərəfindən verilir. Doğrudur bu, yoxsa yalan, fərq eləmir. Məsələ bölgə klubuna ayrılan maliyyədən səmərəli istifadə olunmasıdır. Ehtiram Quliyev hisslərlə davranıb milyonları çölə səpmək əvəzinə klubu peşəkar idarəolunma halına gətirməlidir.
Həmid
saytlarin hazirlanmasi
