Canni İnfantinonun FIFA prezidenti vəzifəsində qalmaq şansı yüksəkdir.
Sportal.az "Reuters"ə istinadən xəbər verir ki, iyulun sonunda FIFA-nın dünya çempionatının kommersiya hüquqlarının satışı üçün yeni kommersiya strukturu yaratmaq planı məlum olmuşdu. Daha sonra futbol konfederasiyalarının tənqidi və UEFA-ya üzv ölkələrin dünya çempionatını boykot etmək təhlükəsi fonunda İnfantino bu ideyadan imtina etmək qərarına gəldi. Bununla belə, bir sıra milli futbol federasiyaları qarşıdakı seçkilərdə isveçrəli funksionerə dəstək verməkdən imtina edib.
Hazırda İnfantinoya rəqib ola biləcək heç bir namizəd ortaya çıxmayıb. Bundan əlavə, Canni hələ də “kiçik futbol ölkələrində və Avropadan kənardakı mühüm bloklarda güclü dəstəyə” malikdir.
Qeyd olunur ki, “PSJ”nin prezidenti Nasser Əl-Xelaifi yüksəkvəzifəli futbol rəsmiləri tərəfindən seçkidə qələbə üçün zəruri koalisiyanı formalaşdıra biləcək azsaylı potensial namizədlərdən biri hesab olunur. Lakin qətərli funksioner bu vəzifə uğrunda mübarizədə maraqlı deyil.
İnfantinoya potensial rəqiblərdən biri kimi KONKAKAF prezidenti Viktor Montalyani də nəzərdən keçirilirdi. Lakin o, kifayət qədər dəstəyə malik olduğuna əmin olmayana qədər namizədliyini irəli sürməyəcək.
Futbol rəsmilərinin sözlərinə görə, İnfantinoya qalib gələ biləcək namizədin olmadığı təqdirdə, isveçrəli prezidentin əleyhdarları onun vəzifədən kənarlaşdırılması məsələsindən səlahiyyətlərinin məhdudlaşdırılmasına keçə bilərlər. Onların diqqəti “mühüm strateji və kommersiya qərarlarının qəbuluna nəzarətin gücləndirilməsinə, eləcə də FIFA rəhbərliyi daxilində səlahiyyətlərin yenidən bölüşdürülməsinə” yönələ bilər.
Beynəlxalq Futbol Federasiyasının prezident seçkiləri 18 mart 2027-ci ildə Rabatda keçiriləcək. Namizədlər noyabrın 18-dək qeydiyyatdan keçməlidirlər.
saytlarin hazirlanmasi
