Biz top festivalları keçirəndə, İslandiyada futbolu inkişaf etdirirdilər

Federasiya rəhbəri futbol adamı olanda, uğur özünü çox gözlətmir

 

Bu gün az qala hamı İslandiya millisindən danışır. Əlbəttə, bu yığma AVRO-2016-nın seçmə mərhələsinə “fırtına” kimi başlayıb. Əvvəlcə Türkiyəyə, ardınca isə Latviyaya 3 cavabsız qol vurdular. Bu azmış kimi, Hollandiyanı da məğlub etdilər: 2:0

 

Bu uğur çoxlarının təsəvvüründə canlandırdığı fantasika janrında film deyil. Bu uğurun kökündə əmək var, əmək! İslandiya hələ son mundiala yollanmağa da çox yaxın idi. Lakin pley-off matçlarında Xorvatiya ilə bacarmadılar.

 

İslandiyanın bu günkü durumunu incələyəndə görürük ki, ölkənin futbol federasiyası ortaya böyük iş qoyub. Fikir verin, İslandiyanın U-21 yığması AVRO-2011-də final mərhələsinə çıxıb. AVRO-2015-in seçmə mərhələsində də eyni uğura yaxın olub. Lakin qrupu 2-ci yerdə bitirib pley-off mərhələsinə çıxsa da, burada yalnız evdəki qollu bərabərliyə görə (səfərdə 0:0, evdə 1:1) islandiya yox, Danimarka final mərhələsinə yollanıb. Hal-hazırda isə U-17 yığması AVRO-2015-də elit-raunda vəsiqə qazanmağa yaxındır.

 

Federasiyanın başında futbol adamının olması da öz təsirini göstərib. Belə ki, İslandiya Futbol Federasiyasının prezidenti Qeyr Torsteynsson “Reykyavik”in bütün yaş qruplarında oynayıb. Lakin o, peşəkar futbolçu olmağa yox, hakim olmağa üstünlük verib. Eyni zamanda “Reykyavik”də uşaq məşqçisi işləyən Qeyr pillə-pillə bu klubun vitse-prezidenti vəzifəsinə qədər yüksəlib. Daha sonra İslandiya Futbol Federasiyasında menecer vəzifəsindən başlayaraq, qurumda ən yüksək vəzifəyə yiyələnib. O, 2007-ci ildə İslandiya Futbol Federasiyasının prezidenti seçilib. Məhz bu adamın rəhbər seçilməsindən sonra İslandiya futbolunda yüksəlişlər başlayıb. 2009-cu ildə qadınlardan ibarət yəğma, 2011-də isə U-21 yığması Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. 2013-cü ildə 39 yaşlıTorsteynsson yenidən federasiya rəhbəri seçilir və artıq əsas millini də uğurlara daşımaq niyyətində olduğunu göstərir:

 

“Biz futbolun inkişafı üçün əlimizdən gələn hər şeyi edirik. Böyük stadionlar, qapalı zallar tikməklə yanaşı, həm də məşqçilərin maariflənməsi üçün çalışdıq. Görürük ki, əziyyətimiz öz bəhrəsini verib”.

 

İslandiyanın keçdiyi yola baxanda, bir daha anlayırıq ki, bu illərdə Azərbaycan futbolu yerində sayıb. Hətta Gürcüstanın da U-17 millisi də Avropa çempionatının final mərhələsində iştirak edib, biz isə hələ də elit-raunda yaxşı nəticə kimi baxırıq. Səbəblər çoxdur. Elxan Məmmədov 2007-ci ildə düzgün strategiya qursaydı, 10 yaşlı uşağın indi 17 yaşı olacaqdı. Lakin bizim baş katib top festivalları keçirəndə, xarici futbol akademiyaları ilə heç bir layihəni sona qədər həyata keçirə bilməyəndə, islandiyada adamlar iş görüb, bəhrəsini dadıblar. Biz isə…

 

Emin ABBASOV

Tarix: 18 Oktyabr [01:40]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
2 İyun 2020
1  İyun 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio