Ramin Musayevin hakimləri yenə "iş başında"

Kimə lazımdı belə çempionat?

 

Gülür, Ramin Musayev yenə bığaltı gülür. Niyə də gülməsin? Hakimlərə nəzarət etməyə başladığı gündən bu sahədə bir-birindən biabırçı səhvlər davam eləyir, AFFA-nın prezidenti Rövnəq Abdullayev isə ona “gözün üstə qaşın var” demir.

 

Bilmirik nə qədər həqiqətdi, amma şahidlər deyirlər ki, “Qəbələ” – “Sumqayıt” matçındakı hakim rəzalətindən sonra Xaqani Məmmədov hakimlərinin ünvanına qeyri-etik ifadələr işlədib. Deyib ki, mən neyləyim, bu hakimlər belədirlər də. Maraqlıdır ki, “Sumqayıt”ın Qəbələ müsibəti unudulmamış Premyer Liqada yenə biabırçılığı yaşanıb.

 

AZAL – “Qəbələ” matçını idarə eləyən Ömər Paşayev verdiyi qərarlarla əvvəlki illərdə “ad çıxarmış” hakimlərə də rəhmət oxutdurub. Oyunu normal idarə etsə də, matç sona yaxınlaşdıqca Paşayevin üzü çönüb. AZAL hesabda öndə olduğu məqamda “Qəbələ”nin futbolçusu topu əllə saxlayaraq hesabı bərabərləşdirib. Epizod hakimin düz gözünün qarşısında olsa da, Paşayev əllə oyunu görməyib. Bunu qərəz yox, səhv hesab etmək olardı. Ancaq AZAL-ın yenidən hesabda irəli çıxması, yenidən Paşayevi “hərəkətə” gətirib. Hakim gülünc epizodda AZAL-ın qapısına penalti təyin edib ki, artıq buna həyasızlıqdan başqa ad vermək olmur.

 

Digər oyunda isə Orxan Məmmədovun gözünün qabağında Emeqara “Bakı”nın futbolçusuna qarşı qaydanı pozur və “Qarabağ” qol vurur. Hakim isə bunu “görmür”.

 

Ramin Musayevi təbrik etmək olar. Bir ara eşitmədiyi tənqid, bəzən də təhqir qalmamışdı. Deyəsən, o vaxtdan özünə söz verib ki, çempionatı o hala salsın ki, daha camaat Azərbaycan futboluna baxmasın.

 

“Rəvan”ı qovdular, “Araz Naxçıvan”ı küsdürdülər, Lənkəran əhlini futboldan soyutdular,“Bakı”nı autsayderə çevirdilər.  Hətta flaqman “Neftçi” də can üstdədir...

 

Kimə lazımdı belə çempionat?  

 

SPORTAL,AZ

Tarix: 20 Noyabr [19:10]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
2 İyun 2020
1  İyun 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio