"Qarabağ"ın ölkə başçısı ilə görüşü futbolumuza nə verəcək?

"Justice for Azerbaijan football"

 

Azərbaycan futbolu “Qarabağ”ın sayəsində tarixinin ən uğurlu ilini yaşadı. Ağdam klubu Avropaya elə bir səs saldı ki, 20 ildir Qarabağ üçün istədiyimiz həqiqəti “Qarabağ” üçün də istəməli olduq.

 

Ən azı ona sevinməliyik ki, “Qarabağ” hamını özü ilə hesablaşmağa məcbur etdi və Qurban Qurbanovun yaratdığı komanda Azərbaycanda da futbolun var olduğunu göstərdi.

 

Ancaq “Qarabağ”ın Avroliqadakı oyunları başımızı o qədər qatıb ki, futbolumuz barədə həqiqətlər gözümüzdən yayınır. Bəylər, futbolumuz ciddi-ciddi geriləyib və indiki halda “Qarabağ” olmasaydı, 2014-ü futbolumuzun ən qara ili adlandıra bilərdik.

 

Premyer Liqada çıxış edən əksər klubların ciddi maliyyə problemləri var. “Neftçi” neftsizlikdən əziyyət çəkir, illərdir milli brend hesab etdiyimiz “Bakı” adidən də adi kluba çevrilib. Çempionatın səviyyəsi əvvəlki illərlə müqayisədə çox aşağı düşüb. Uzun illərdir davam eləyən hakim biabırçılıqlarının yeni mərhələsi başlayıb. Bir sözlə, “Qarabağ”dan başqa adam arasına çıxarılası heç nəyimiz yoxdur.    

 

Elə buna görə də, ölkə başçısının qarşısına “Qarabağ” çıxmalı oldu. Avropa fatehlərimizi qəbul eləyən cənab İlham Əliyev “Qarabağ”ın Avroliqadakı uğurlu çıxışı və əlindən alınan qələbəsi barədə danışdı. Prezident nitqi zamanı onu da qeyd etdi ki, “Qarabağ” büdcəsi ondan qat-qat çox olan klublara qarşı layiqli mübazirə apardı. İlham Əliyevin “Qarabağ”a torpaq sahəsinin ayrılmasına dair də tapşırıq verməsi onu göstərir ki, ölkə başçısı bu klub haqqında kifayət qədər bilgilidir. Büdcəsi nə qədərdir, sıxıntısı nədir. 

 

Heç kimə sirr deyil ki, son illər iş adamları futboldan soyuyublar. İş adamlarının əvvəlki illərdə futbola olan axını son dövrlərdə müşahidə olunmur. Prezidentin “Qarabağ”la görüşü, tədbirin rəsmi və qeyri-rəsmi hissəsində dedikləri həm də iş adamları üçün bir mesajdır. Yəni ölkə başçısı futbolu unutmayıb və bu sahədə kimin nə işlə məşğul olduğunu yaxşı bilir.

 

Nə qədər bunu etiraf etməsə də, AFFA prezidenti Rövnəq Abdullayev də anlayır ki, bu gedişlə futbolumuzu yaxşı heç nə gözləmir. Kütləvilik yox, çempionatda azarkeş yox, Premyer Liqanın səviyyəsi aşağı düşüb, hakimlər də bir tərəfdən klub sahiblərinin əsəbləri ilə oynayırlar.

 

Hələ ki, hamının diqqəti “Qarabağ”a yönəlib. Amma eyforiyadan ayılandan sonra futbolumuz üçün də həqiqət istəməli olacağıq – “Justice for Azerbaijan football”  

 

Emin ABBASOV

Tarix: 20 Dekabr [12:25]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
2 İyun 2020
1  İyun 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio