"Turan Tovuz" I Divizionda mövsümün ilk yarısını 13 xalla 14 komanda arasında 11-ci pillədə tamamladı. Qərblilərin baş məşqçisi Eltay Aslanov Sportal.az saytına müsahibəsinə mövsümün ilk yarısından və digər məsələlərdən danışdı.
- Qeyri-stabil çıxışa səbəb nədir?
- Mövsümün ilk yarısında məşqdə etdiklərimizi futbolçulardan ala bilmədik. Bu, limitlə bağlı deyil. Çünki bütün divizion klubları üçün qayda eynidir. Onlar da bizim kimi oynayırlar. Qeyri-stabil çıxışımızı limitlə əlaqələndirmirəm. Komandamızı arxasınca aparacaq lider futbolçularımız olmadı. Mən ancaq buna bağlayıram.
- Qışda heyətə yeni futbolçular transfer ediləcək?
- Əlbəttə, olacaq. Yeni transferlər lazımdır. Bəzi mövqeylərə yeni futbolçular lazımdır ki, fasilədən sonra yaxşı çıxış edək.
- Futbolçulara maaşlar vaxtında verilir?
- Maaşları vaxtında verilir. Maliyyə baxımından komandada problem yoxdur.
- Klub rəhbərliyinin komandaya laqeyd yanaşdığı barədə mətbuatda xəbərlər də çox yayılıb.
- Bunların hamısı ordan-burdan mətbuata sızan şaiyələrdir. Rəhbərlik komandaya dəstəkdir. Hər zaman komandanın yanımızdadırlar. Oqtay müəllimə və Nadir müəllimə təşəkkür edirəm.
- Hətta yayılan xəbərlərə görə, futbolçular səfərə oyun günü gedir, yolda yemək verilmir və kolbasa-çörəklə qidalanırlar. Futbolçuların oteldə qalmadığı, oyunçuların qidalarının yaxşı olmadığı deyilir. Bu barədə nə deyəcəksiniz?
- Bunların hamısı yalan informasiyalardır. Rayonda oteldə qalırıq. Səfər oyunlarına isə bir gün əvvəl gedirik. Hər bir şey qaydasındadır. Rəhbərlik qayğımıza qalır. Qidalanmada çatışmayan cəhət yoxdur. Bizim yeganə problemimiz oyundur. Futbolçularımız keyfiyyət baxımından axsayırlar.
- Bir sözlə, rəhbərlikdən razısınız?
- Əlbəttə, razıyam. Neçə ildir ki, komandadayam, mən belə saf rəhbərlik görməmişəm. Nə deyilibsə, vaxtında həll ediblər.
- Bir müddət əvvəl xəbərlər yayılmışdı ki, rəhbərlik komandaya qayğı göstərmir, klubda yeyinti var.
- Mən bilirəm ki, bunu hara ünvanlayırlar. Sizə bir açıqlama verim ki, Oqtay müəllim öz alacağı məvacibi kluba xərcləyir. Bunlar yalan xəbərlərdir.
- Bu informasiyaları niyə yayıb komandaya mane olurlar? Bu, oyunuza təsir edir?
- Əgər yaşayırsansa, həyatda kimsə, ayağından dartacaq. Çox təssüüf ki, görünür, komandamızı istəməyən qüvvələr var. Onlar da bu işlə məşğul olurlar.
- İkinci dövrədə məqsədiniz nə olacaq?
- Məqsədimiz ilk beşliyə yaxınlaşmaqdır.
saytlarin hazirlanmasi