Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya yığmasına səfərdə 1:2 hesabıyla uduzduqları matçdan sonra müsahibə verib.
Sportal.az millimizin yeganə qolunun müəllifi olan 23 yaşlı hücumçunun müsahibəsini təqdim edir:
- Son mundialın vitse-çempionuyla oyun necə keçdi?
- Uduzduq, fərqi yoxdu, rəqib dünya çempionatının gümüş medalçısıdı və ya başqasıdı. Sadəcə, yenildik və hesabımızda xal yoxdu. Üzücüdü.
- Qoldan öncə fərqlənmək imkanın oldu...
- Sadəcə, onda vura bilmədim, sonra fərqləndim. İlk epizodda rəqib qapısına yol tapmalı idim. Ancaq bunu etsəydim, ola bilər ki, ikinci epizod, hansı ki qolla nəticələndi, olmaya bilərdi. Ancaq normaldı.
- Onu da qeyd edək ki, vurduğun qol gözəl alındı.
- Bəli, gözəl alındı. Ancaq nəticə gətirmədi.
- O mənada baxımlı alındı ki, Almaniyaya vurduğun qol kimi idi...
- Qol qol olaraq qalır.
- Dördüncü oyundu ardıcıl qol vurusan. Nə deyə bilərsən? Artıq relsə düşürsən?
- Şadam ki, yenə qol vurdum. Ancaq bu qol əvvəlki 3 qolumdan fərqli nəticə gətirmədi. "İkinci "nömrə"ylə oynasaq da, oyuna görə xal qopara bilərdik. Faisləyə cəmi 1 dəqiqə qalmış qol buraxdıq.
- Yəni məğlubiyyətə layiq deyildiniz?
- Bunu demək çətindi. Sadəcə, gedişata görə meydandan 1 xalla ayrıla bilərdik. Əlbəttə, dünyanın ikinci komandasına qarşı bütün oyunboyu müdafiə olunmaq çətindi. Məğlubiyyətə layiq olub-olmadığımızı demək olmaz. 90 dəqiqə müdafiə olunduq, iki qol imkanımız oldu.
- Komanda yoldaşların oyundan dərhal sonra rəqibin futbolçuları ilə formalarını dəyişdirdilər. Bəs sən kiminləsə dəyişdirdin?
- Yox. Bu, mənlik deyil. (sport24.az)
saytlarin hazirlanmasi