"Qarabağ"ın gənclərdən ibarət komandasının sabiq üzvü Yaroslav Deda Ukrayna mətbuatına müsahibə verib.
Sportal.az football24.ua saytına istinadən xəbər verir ki, 19 yaşlı hücumçu Ağdam klubundakı karyerasından danışıb: "Azərbaycanda paytaxt Bakıda yaşayırdım. Çox gözəl və maraqlı şəhərdir, insanları çox mehribandırlar. Vaxtımın çox hissəsini komanda ilə birlikdə keçirirdim, filmlərə gedirdik. Demək olar ki, bütün komanda yoldaşlarım rus dilində danışmağı bacarırdı, bəziləri bilmirdi".
Gənc futbolçu Azərbaycanda oynadığı müddətdə vətəndaşlıq alması variantının yarandığını bildirib: "Ukraynaya qayıtmazdan əvvəl belə bir təklif almışdım. Əvvəl bunu düşündüm. Valideynlərimlə məsləhətləşmək üçün vaxt istədim. Valideynlərim buna qarşı çıxdılar, mən də vətəndaşlığımı dəyişmək istəmədim. Mən ukraynalıyam. Bu ölkənin yığmasında çıxış etmək istəyirəm. Artıq fərqli yaş qrupları üçün oynamışam. Milli komandada oynamaq üçün əlimdən gələni edəcəm".
Deda Azərbaycan Gənclər Liqasının səviyyəsinin aşağı olduğunu söyləyib: "Gənclər Liqası çox zəifdir. Səviyyə hətta Ukrayna gənclər liqasından da aşağıdır. "Qarabağ"ın U-21 komandasının heyətində 4 oyun keçirdim. Çox vaxt çempionluq uğrunda mübarizə aparan U-19 komandasında forma geyinirdim. 15 oyuna 23-24 qol vurmuşdum. Bəzən bir oyunda 2-3 dəfə fərqlənirdim. Hücümun mərkəzində, cinahlarda, harda tapşırsalar, orda oynayırdım".
Deda "Qarabağ"dan ayrılmasının səbəblərini açıqlayıb: "Qarabağ"da oynamaq istəmədim, rəhbərlikdən xahiş elədim ki, müqaviləmi ləğv etsinlər. Onlar da bunu mövsümün sonunda edə biləcəklərini dedilər. 2018-ci ilin may ayında vətənə qayıtdım. Ancaq "Qarabağ" rəhbərliyi müqaviləmi ləğv etmədi, razılıq əldə edə bilmədik. Hazırda çıxış etdiyim "Karpatı" məni "Qarabağ"dan aldı".
saytlarin hazirlanmasi