"Zirə" Azərbaycan Premyer Liqasının 23-cü turunda səfərdə "Neftçi"yə 2:4 hesabı ilə uduzub. Oyun başa çatan kimi hər iki komandanın üzvləri arasında münaqişə yaranıb. Qarşılaşmanın baş hakimi İnqilab Məmmədov "Neftçi"dən Baqali Daboya sarı, "Zirə"dən isə Orxan Sadıqlıya qırmızı vərəqə verib.
Sportal.az xəbər verir ki, oyunu ehtiyatda keçirən Orxan Sadıqlı qırmızı vərəqə aldığı epizodla bağlı danışıb:
"İnqilab Məmmədov mənə qırmızı vərəqə göstərdi. Buna çox əsəbləşdim. Mən dəliyəm ki, kiməsə nəsə söz deyim və ya orada atlanıb-düşüm? Bəxtiyar Həsənalızadə və Baqali Dabo kəllə-kəlləyə gəlmişdilər. Onları araladım. Dabo Bəxtiyarı söymüşdü. Dabonu ingiliscə təbrik edib, araladıq. İnqilab Məmmədov isə gələn kimi Baqali Daboyla məni yanına çağırdı. Ona sarı, mənə isə qırmızı vərəqə göstərdi.
Nəyə görə mənə qırmızı vərəqə verdi? Bəzi hakimlər güzgünün qarşısında dayansınlar və özlərinə baxsınlar ki, kimdilər? Ağzına fit almaqla hər şey qurtarmır, həyat davam edir. Haqlı olduğum yerdə haqsız çıxardılar. Bilirəm ki, kiməsə əl vursam, qırmızı vərəqə alacam. Bunu bilirəmsə, niyə edərəm? Mən aranı sakitləşdirirdim. Dabo özü də deyir ki, ona niyə qırmızı verdin, mən Orxanla dalaşmamışam".
Sadıqlı "Klubdan cəza gələcəyini düşünürsünüz" sualına belə cavab verib:
"Bundan sonra nə baş versə, qəbul edəcəm. Belə haqsızlıq baş verdisə, nə olur, olsun. Əgər kimisə vurmuşamsa, qərara razıyam. Dayandığım yerdə qırmızı aldım. İnsanlıq göstərib aranı sakitləşdirirdim, mənə qırmızı vərəqə göstərdi".
saytlarin hazirlanmasi