Rəşad Eyubov: “Bizdə də Marko Deviç var” MÜSAHİBƏ

19:31 - 7 Aprel 2019

“Sabah”ın futbolçusu Rəşad Eyubov Azərbaycan Premyer Liqasının 23-cü turunda "Səbail"i 3:1 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi öncə oyunla bağlı danışıb:

 

- Çoxdan idi ki, udmurduq. Hətta qol da vurmurduq. Şad olduq ki, bu gün qələbə qazandıq və bunu 3 qolla etdik. Xüsusilə ona görə sevinirik ki, qol buraxandan sonra ruhdan düşmədik. Toparlandıq, öz oyunumuzu göstərdik və nəticə əldə etdik. Bu, çox xoşdu.

 

- Komanda üçün penalti qazandın və qol ötürməsi etdin. Öz oyununu necə dəyərləndirə bilərsən?
- Bu gün özümdən o qədər də razı qalmadım. Çox səhvlərim oldu. Daha yaxşı oynaya bilərdim. Bəzən olur ki, pis oynayırsan, amma komandaya xeyir verə bilirsən. Bu gün də qol ötürməsi etdim, penalti qazandım. Buna görə hardasa razıyam oyunumdan. Təki həmişə komanda qələbə qazansın, mən pis oynasam da olar.

 

- Rəhbərlik qələbəyə görə mükafat təyin edib...

- Bu, normal şeydi. Qələbədən sonra mükafat təyin edilir. Biz də buna görə şadıq. Rəhbərliyə təşəkkür edirik.

 

- Komandada həddən artıq istək görünürdü və qələbəni də çılğınlıqla qeyd etdiz. Bu, “Səbail”in çətin rəqib olması ilə bağlıdı, yoxsa artıq komandanın özünə gəldiyini düşünmək olar?
- Son iki matçda heç-heçə etmişdik. Hiss olunurdu ki, müəyyən qədər öz oyunumuzu tapa bilirik. Bizə bir qələbə lazım idi ki, daha da yaxşı çıxış edək. Bu mənada qalibiyyət olduqca vacib oldu.

 

- Essyen kimi ad meydana daxil olanda komandanızda bir panika yaranmadı?
- Essyen dünya səviyyəli ulduzdu, hamı onu tanıyır. Ancaq bizdə də Marko Deviç var. O da ulduz oyunçudu. Buna görə də çəkinmək-filan olmadı. Amma hiss olunurdu ki, “klass” oyunçudu. Çempionat üçün belə futbolçuların gəlişi yaxşıdı.

Xəbər xətti