Azərbaycan I Divizionun 2018/2019-cu illər mövsümündə sona 1 tur qalmış qalib və gümüş mükafatçı müəyyənləşib.
Sportal.az xəbər verir ki, “Qaradağ Lökbatan”ın qonağı olan MOİK 2-0 hesabı ilə qalib gələrək ən yaxın izləyicisi olan “Sumqayıt-2” ilə 3 xal fərqini qorumaqla çempionluğu rəsmiləşdirdi. Şəxsi görüşlərdə “gənclik şəhəri” komandasından üstün olan “hərbçilər” üçün son tur formal xarakter daşıyacaq.
“Sumqayıt-2” “Zirə-2”-ni 4-2 məğlub etsə də, çempionluğa olan nəzəri şansları da itirdi. Lakin, ən yaxın izləyicisini 10 xal qabaqlayan sumqayıtlılar 2-ciliyi sığortaladı. 3-cülük taleyinə aydınlıq gətirmək cəhətdən vacib qarşılaşma Zaqatalada keçirildi. Yerli komanda qalib gələcəyi təqdirdə, “Neftçi-2” ilə xalları bərabərləşdirəcək və şəxsi görüşlərdə üstünlüyə görə 3-ü pilləyə yüksələcəkdi. “Zaqatala” 73-cü dəqiqədə hesabda geri düşsə də, 90+7-cü dəqiqədə Ramin Əhmədov intriqanı son tura daşıdı. Bürünc mükafatçının adına son turda keçiriləcək “Keşlə-2” – “Zaqatala” və “Neftçi-2” - “Qaradağ Lökbatan” görüşlərindən sonra aydınlıq gələcək.
Qeyd: Fotolar “Qaradağ Lökbatan” - MOİK oyunundandır.
Şəkillər: Peşəkar Futbol Liqası
saytlarin hazirlanmasi