“Qarabağ” Azərbaycan çempionatları tarixində özünün ən böyükhesablı qələbəsini qazanıb.
Sportal.az xəbər verir ki, Ağdam klubu Premyer Liqanın XXIII turunda “Şamaxı”nı 8:0 hesabı ilə məğlub edib.
1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçısının bunadək ən böyük qələbəsi 7:0 hesabı ilə olub. “Qarabağ” 1995/96 mövsümündə “Pambıqçı” (Neftçala), 2003/04 mövsümündə “Ədliyyə”ni bu hesabla məğlubiyyətə uğradıb.
“Qarabağ” həm də çempionatda ilk dəfə 7-dən çox qol vurub. Bölgə klubu bunadək 2 matçda 7 qol vurmağı bacarıb.
“Şamaxı” isə təkcə çempionat deyil, ümumiyyətlə tarixində ilk dəfə 8 top buraxaraq, həm də ən ağır məğlubiyyətinə üzülüb. 1999-cu ildən müxtəlif adlar altında çıxış edən komanda bunadək ən böyük fərqlə iki dəfə uduzub. “Xəzər Universiteti” adlanan dövrdə komanda 1999/2000 mövsümündə “Şəmkir”ə 0:6, 2000/01 mövsümündə “Kəpəz”ə 1:7 məğlub olub.
“Azersun Arena”dakı matç baş məşqçilər üçün də yaddaqalan olub. Qurban Qurbanov karyerasında ən böyükhesablı qələbəni qazanıb. “Neftçi”, “Qarabağ” və Azərbaycan millisində çalışan mütəxəssis bunadək belə fərqli qələbə qazanmayıb. “Qəbələ” və “Şamaxı”da baş məşqçi olan Sənan Qurbanov da karyerasının ən ağır yenilgisini alıb.
Qeyd edək ki, Premyer Liqada 8 və ya daha çox top fərqi sonuncu dəfə 2016-cı il sentyabrın 10-da qeydə alınıb. “Qəbələ” səfərdə “Neftçi”ni səkkiz cavabsız qolla üstələyib.
saytlarin hazirlanmasi