AFFA-nın baş katibi Sərxan Hacıyev İTV-nın “Bol İdman” verilişində qonaq olub. Yeni katibin yeni nələrsə dediyini qeyd etmək çətindir...
Verilişboyu “islahatlar lazımdır” deyən Hacıyev, bunu “Bir müddət keçəndən sonra...” və “Zaman çatır” kimi ifadələrlə arqumentləşdirib. O, islahatların xırda-xuruş məsələlərdə lazımlığını düşünür...
İslahat vaxtı-vədəsi çatanda yox, lazımlılığı yetişəndə edilən bir şeydir, Hacıyev.
Həmçinin bu, elə bir məqamdır ki, strateji dəyişikliklərdən başlamış, ən xırda detallaradək təsiri hiss ediləcək bir prosesə təkan verməlidir. Sizin verilişdə danışdıqlarınızdan anlamaq olmadı; - islahat artıq olub, yoxsa ehtiyac var.
Hakimlər Komitəsinin sədri Frits Ştuxlik, U-21 millisinin baş məşqçisi Milan Oradoviçlə başa çatmış müqavilələrin uzadılmaması islahat sayıla bilməz. Bundan başqa, islahat adına dediyiniz bir şey olmadı. Belə çıxır, biz nə keçmişin, nə də yaxın gələcəyin islahat əməllərindən bəhs edə bilərik - ən azı, çıxışınızın arqumentasiyası bunu düşünməyə məcbur edir.
Bəs nələr olmalıdır ki, islahat effekti ala bilək?
İlk növbədə AFFA dəyişməyən futbolyönlü nəticəsizlik sindromunu qıracaq tutarlı layihələr açıqlamalıdır – belə layihələrə qapı açmalıdır.
Assosiasiyanın strukturunda futbol ictimaiyyətinə açıq, ictimai meyarlara cavab verən dəyişikliklər edilməlidir. Bunda mətbuatın və futbol təşkilatlarının aktiv iştirakı təmin edilməlidir.
Sıranı genişləndirib taftalogiya açmağa gərək yoxdur, yaxın perspektivdə əsasən bu istiqamətdə təcili işlər görülməlidir, ardınca yeni düzən öz ehtiyaclarını müəyyənləşdirəcək və məhz buna əsasən müvafiq addımları atmaq olar.
Cəmiyyətin AFFA məsələlərində çağırışı budur ki, qurumda köklü islahatlar getməlidir. İslahat-islahat deməklə bu çağırışlara aksent qatmaq mümkünsüzdür.
Hacıyevin AFFA-da gözlənən dəyişikliklərdə özünü qorumaq istəyi haqqında kuluarlarda dolaşan məlumatlarla onun islahat mövzusunda həvəsli danışması düz mütənasib görünür, lakin platforması zəngin, iddiası tutarlı görünmür.
Hərçənd, imici müsbət hesab edilən gənc kadrdır və assosiasiya ətrafında sədası artmaqda olan köklü dəyişikliklərdə təmsil olunmaq istəyi də təbiidir. Yenə də lakin...
Elçin Cəlilov (Futbolpress.az)
