1982-ci ildə keçirilən dünya çempionatından sonra Mərkəzi Komitədə SSRİ yığmasının çıxışı dəyərlərdirilir. Məmurlardan biri göstərilən nəticəni biabırçılıq, rəzalət adlandırır. Yığmanı çalışdıran əfsanəvi Valeriy Lobanovski həmin adama cavab olaraq, onların işinə məmurların yox, futbol mütəxəssislərinin qiymət verməli olduğunu deyir. Ara qarışır, Lobanovski yığmadan qovulur, şəxsi işinə də "SSRİ yığmasında çalışmaq üçün uyğun olmayan mütəxəssis" qeydi yazılır.
Bir neçə il sonra Lobanovski yığmaya qayıdır, SSRİ onun rəhbərliyi altında həm 1986-cı il dünya çempionatında, həm də 1988-ci ilin Avropa çempionatında yaxşı çıxış edir. Zaman göstərir ki, Lobanovski haqlı olur - futbol işinə qiyməti futbol mütəxəssisləri verməlidir.
Hər nə qədər futbol siyasətə qarışmır deyilsə də, uzun illərdi bunun əksini görürük. Futbolumuzda da həmişə məmurlar olub, yenə də mövcuddular. Futbol adamlarının bu sahədən sıxışdırılıb çıxarılmasına səbəb də onlardı. Elə AFFA-nın İcraiyyə Komitəsində toplaşan şəxslərin əksəriyyəti futbol sahəsində mütəxəssis deyillər, məmurlardı. Amma iş elə gətirib ki, onların səs haqqı var. Məsələn, Qurban Qurbanov hansısa fikir yürüdəndə, İK üzvləri səs çoxluğu hesabına onun dediyinin əksinə qərar çıxarmaq səlahiyyətinə malikdilər.
İcraiyyə Komitəsi üzvləri çox mühüm qərar vermək ərəfəsindədilər. Hazırda futbolumuzda əsas müzakirə mövzusu gələn mövsümdən legioner limitinin aradan qaldırılması ilə bağlıdır. Mətbuata sızan məlumatlara görə, AFFA rəhbərliyi limitin ləğv edilməsinə qərar verməkdə israrlıdır.
Bu elə bir məsələdir ki, hansı qərarın futbolumuz üçün xeyirli olacağını əminliklə demək olmur. Legionerlərə olan limitin də müsbət və mənfi tərəfləri var, limitin ləğv olunmasının da. Hər iki qərarla bağlı tutarlı arqumentlər gətirmək olar.
Müzakirələr qızışdıqca sırf mütəxəssislər arasında limitin ləğv olunmasına qarşı çıxanlar çoxalır. Mətbuata açıqlama verən Ayxan Abbasov, Azər Bağırov, Vaqif Cavadov, Elmar Baxşıyev, Cavid Hüseynov kimi Premyer Liqada komanda çalışdıran məşqçilər limitin ləğv olunmasının futbolumuzun zərərinə gedəcəyinə düşünürlər.
Fikirlər haçalanır. Hərənin özünə görə haqlı olduğu məqamlar var. Lakin zaman dəyişsə də, həqiqət dəyişmir - futbol işinə qiyməti də, futbol barədə qərarları da bu sahənin mütəxəssisləri verməlidir. Belə əhəmiyyətli məsələdə məsuliyyəti İcraiyyə Komitəsi üzvlərinin ixtiyarına buraxmaq olmaz. Bir səhv qərar futbolumuzun daha 5-10 il geri düşməyinə səbəb ola bilər.
Həmid
saytlarin hazirlanmasi