"Əminəm ki, gələcəkdə "Qarabağ"la əməkdaşlıq edib, bu kluba yaxşı oyunçu verə biləcəyik" - MÜSAHİBƏ

12:34 - 7 Mart 2025

Azərbaycanda legioner həyatı yaşamış Mikel Alvaro Salazar hazırda futbolçu agenti kimi çalışır. “İnter”in(indiki “Şamaxı”) keçmiş yarımmüdafiəçisinin hətta Premyer Liqamızda da oynayan futbolçuları var. Sportal.az saytına müsahibə verən ispan həm o futbolçular, həm də Azərbaycan klubları ilə işbirliyindən danışıb.

- Azərbaycan klubları ilə əməkdaşlıq etdiyini bilirəm. Premyer Liqada futbolçuların oynayır. Ümumiyyətlə, Azərbaycan klubları ilə əməkdaşlıq etmək asandır?

Azərbaycanda klubları maraqlandıran oyunçuları tapmaq asan deyil. Halbuki orada bir çox ispan oyunçu çox yüksək səviyyədə çıxış edib. İspaniyanın aşağı liqalarında çox yaxşı oyunçular var və mən əminəm ki, onlar Azərbaycan Premyer Liqasında çox yaxşı səviyyədə oynaya bilərlər. Çünki mən Azərbaycan çempionatını çox yaxşı bilirəm.

- Demək ki, daimi olaraq Azərbaycan Premyer Liqasını izləyirsən. Bu liqa haqqında nə düşünürsən? Səncə, indi çempionat daha da güclənib, yoxsa sənin dövrünüzdə bundan üst səviyyədə?

Əlbəttə, Azərbaycan Premyer Liqasını yaxından izləyirəm. Çünki “Sabah”da Con İrazabal, “Səbail”də isə Qorka Larruça ilə əməkdaşlıq edirəm, onların bütün oyunlarına baxıram. Digər komandaların da oyunlarına baxıram: “Neftçi”, “Qarabağ”, “Zirə”, “Araz-Naxçıvan”, “Sumqayıt”... Çünki həmin komandaların oyunçularını, məşqçilərini tanıyıram. Mən orada olanda da liqa güclü idi. Amma düşünürəm ki, “Qarabağ” hazırda bir pillə yuxarıdadır və hər il avrokuboklarda çıxış edərək bunu sübut edir.

- “Qarabağ”la əməkdaşlıq edirsiniz?

Xeyr, hazırda “Qarabağ”la heç bir əməkdaşlığım yoxdur, müqavilə bağlamamışam. Amma əminəm ki, gələcəkdə biz onlarla bəzi sövdələşmələr edib, ora yaxşı oyunçu verə biləcəyik.

- İspan futbolçuların Azərbaycan Premyer Liqasında özlərini yaxşı tərəfdən göstərdiyini söyləmək olar?

Bəli, düşünürəm ki, ispan futbolçular Azərbaycan Premyer Liqasında çox yaxşı çıxış ediblər. Mən orada oynadığım müddətdə Mario Abrante, Alberto Noquera kimi futbolçular oynayırdı. Ondan sonra isə "Qarabağ"da Miçel və Dani Kintana, hazırda "Sabah"da Con İrazabal, "Turan-Tovuz"da Aleks Serrano və "Səbail"də Qorka Larruçeanı qeyd etmək olar. İspan futbolçular topla keyfiyyət gətirməklə yanaşı, işlərinə çox sadiqdirlər və Azərbaycanda futbolun necə oynanılmasına yaxşı və tez uyğunlaşırlar. Buna görə də inanıram ki, klublar heyətlərini daha çox ispan oyunçu ilə gücləndirsələr, səhv etməyəcəklər. Aydındır ki, bu, həmişə nəticə vermir və uğur qazanmayan oyunçular da olub. Lakin Azərbaycanda uğurlu olanlar daha çoxdur. 

- “İnter”də baş məşqçin olan Kaxaber Sxadadze hazırda “Qəbələ”ni çalışdırır. Böyük ehtimalla bu klub yeni sezon Premyer Liqaya qayıdacaq. Kaxaber Sxadadze ilə danışırsan, onlarla əməkdaşlıq etməyin mümkündür?

Bəli, “Qəbələ”ni də izləyirəm və bilirəm ki, onlar əla mövsüm keçirirlər, Premyer Liqaya layiqli qayıdışa getdikcə yaxınlaşırlar. Mən buna görə də çox xoşbəxtəm. Çünki orada Kaxadan başqa fitness məşqçisi Miloş da var. Səlahət Ağayev, Asif Məmmədovla da “İnter”də komanda yoldaşı olmuşuq. Klubun idman direktoru Səbuhi Səfiyarlı ilə də yaxşı münasibətim var. Beləliklə, “Qəbələ” Premyer Liqaya qayıdışı rəsmiləşdirsə, əminəm ki, komandanı gücləndirmək üçün oyunçular haqqında danışacağıq.

- Con İrazabal və Qorka Larruçeanın Azərbaycandakı performansından razısan?

Düşünürəm ki, İrazabal orada çox yaxşı üç mövsüm keçirib. Qorka da "Səbail"də çox yaxşı oynayıb. Hər ikisi komandalarına xeyir verməyi bacarıb. 

Mirbağırağa
 

Xəbər xətti