"Tottenhem" bizimlə ilk oyundan sonra bir xeyli artırıb"
Premyer Liqanın 13-cü turu çərçivəsində "Qarabağ” evdə "Kəpəz"i 3:0 hesabıyla məğlub etdi.
Sportal.az xəbər verir ki, oyundan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirərək bir sıra maraqlı məqamlara aydınlıq gətirib.
- Bu gün çox vacib 3 xal qazandıq. Oyun bizim üçün çətin keçdi. Rəqib yaxşı müdafiə olundu. Son 15 dəqiqədə açıq oyun getdi. Şahin Diniyev yaxşı komanda qurub. Ona və komandasına gələn oyunlarda uğurlar arzulayıram.
- Muarem "Əskişəhərspor"dan ayrılıb. O, yenidən "Qarabağ"ın şərəfini qoruya bilər?
- Muarem həmişə ən çox sevdiyim oyunçulardan biri olub. Ancaq hazırda bu barədə düşünmürük.
- "Qarabağ"da parlayan oyunçular klubdan ayrıldıqdan sonra ulduzları sönür. Bunun səbəbi nədi?
- Biz komandaya oyunçu seçiminə çox ciddi yanaşırıq. Düşünmürəm ki, həmin oyunçular yeni komandasında digərlərindən zəif olub. Ola bilsin, komandanın oyun stilinə uyğun gəlməyiblər.
- Bu gün "Qarabağ"da Muaremə ehtiyac var?
- Nə qədər çox oyunçu olsa, bir o qədər yaxşıdı. "Qarabağ"ın qapısı həmişə Muaremin üzünə açıqdı.
- Demək olar ki, bu oyunda "Qarabağ" oyunçularının fərdi ustalığı sayəsində qalib gəldi?
- Belə oyunlarda komanda səbrli oyun nümayiş etdirməlidi. Çünki komanda qol vəziyyətləri yaratmaqda çətinlik çəkir. Bu tip oyunlarda maksimum az top itkisinə yol vermək lazımdı. Ancaq son 10 dəqiqədə açıq oyun getdi.
- Sizcə, "Tottenhem"i Bakıda məğlub etmək olar?
- "Tottenhem" bizimlə ilk oyundan sonra bir xeyli artırıb. Ancaq mümkünsüz heç nə yoxdu. Əlimizdən gələni edəcəyik ki, bu il avrokuboklarda son ev oyunumuzda azarkeşləri sevindirək.