Guya maliyyə sıxıntıları var...
Əgər xatırlayırsınızsa, “Neftçi”də Müşahidə Şurası yaradılanda deyilmişdi ki, klub açıq səhmdar cəmiyyətə çevriləcək, klubun büdcəsi şəffaf olacaq və hamının mövsüm ərzində xərclənən vəsaitdən xəbəri olacaq. Lakin xeyli müddət keçsə də “Neftçi” vədinə əməl etmir. Hələ də klub ASC deyil, hələ də büdcə haqqında heç bir məlumatlar yoxdur.
Sportal.az bu məsələ ətrafında araşdırma aparıb və maraqlı məlumatlar əldə edib. Bu informasiyanı əldə etdikdən sonra “Neftçi”nin nə üçün büdcəsini gizli saxladığını anlamaq asandır. Məsələ burasındadır ki, “Neftçi”nin bu mövsüm üçün büdcəsi 9-10 milyon manat civarındadı. Və qeyd olunan məbləğ də hissə-hissə vaxtı-vaxtında “Neftçi”nin hesabına köçür. Lakin klubun pis çıxış etdiyi bir vaxtda rəhbərlik büdcə ilə bağlı açıqlama verməyə ürək eləmir. Onsuz da kənardan hamı görür ki, “Neftçi” kimi klubu idarə etmək nə Elnur Məmmədovun bacaracağı işdi, nə də Çingiz Abdullayevin. İndi onlar necə çıxıb ictimaiyyətə desinlər ki, əllərində bu qədər pulla büdcəsi qəpik-quruş olan klubların qabağında aciz duruma düşüblər?
Bütün bunları nəzərə alan klub rəhbərliyi kənardan elə görüntü yaradıb ki, guya “Neftçi”də maliyyə sıxıntıları var. Ki, əslində Premyer Liqanın bir çox klubları ilə müqayisədə “Neftçi”də durum çox yaxşıdır.
Qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq. Dediklərimiz yanlışdırsa, elə sportal.az saytı vasitəsilə “Neftçi”nin bu mövsüm üçün büdcəsini rəsmi açıqlasınlar!
saytlarin hazirlanmasi