"Neftçi" üzərindəki qələbədən sonra komandamızda özünəinam hissi geri qayıtdı"
Premyer Liqanın 14-cü turunun son matçında "Rəvan" səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçəyə razılaşıb.
"Rəvan"ın yeganə qolunun müəllifi Tural Qürbətov oyun haqda fikirlərini Sportal.az-a müsahibəsində bildirib:
- Premyer Liqanın 14-cü turunda "Qəbələ" ilə səfərdə heç-heçə etdiniz…
- Öncədən də qarşılaşmanın bizim üçün çətin keçəcəyini bilirdik və yaxşı hazırlaşmışdıq. Bu oyunda bacardığımızı göstərib maksimum xal götürməyi planlaşdırırdıq. 3 xal çox yaxin idik, ancaq son saniyələrdə qələbəni əldən verdik. “Qəbələ” kimi komanda ilə qarşılaşmada 1 xal da pis deyil. Əsas odur, əzmkar mübarizə apardıq. Komandamızı təbrik edirəm.
- "Rəvan" məğlubiyyətlərdən sonra, ardıcıl 3 turda 7 xal topladı. Bu, uğurlu çıxışın səbəbi nədir?
- Komandamız bir çox qarşılaşmada yaxşı oynasa da, qələbə qazana bilmirdik. “Neftçi” üzərindəki qələbədən sonra komandamızda özünəinam hissi geri qayıtdı, daha sonra “Zirə” üzərində qələbə qazandıq, bu da bizim üçün əlavə motivasiya oldu. Çalışacağıq ki, bu uğurlu seriyanın davamını gətirək.
- 3 gün sonra ölkə kubokunun 1/8 final mərhələsində sabiq komandan "Bakı" ilə qarşılaşacaqsınız…
- Rəqibimiz gənclərdən ibarət bir komandadır və I Divizionda da çempionluğa oynayır. Bu oyuna maksimum şəkildə qazanıb növbəti mərhələyə keçmək üçün əlimizdən gələni edəcəyik, ancaq onu deyim ki, bizi çox çətin oyun gözləyir. “Bakı” mənim üçün doğma klubdur, sabiq komandama oynamaq mənim üçün də çətin olacaq.
- Komandanın heyətində 4 qolla ən sərrast futbolçusan. Çempionatın bombardirlər siyahısına adını əlavə etmək sənin üçün çətin olmayacaq?
- Növbəti oyunlarda da qollar vurub komandama kömək edəcəyimə inanıram. Ən azından çalışacam ki, bombardirlik siyahısında yer alım və buna görə də öz üzərimdə daha çox işləməliyəm.
- Müqavilə ilə "İnter" klubuna məxsus futbolçusan. Qış fasiləsində "İnter"ə geri dönmək ehtimalın var, yoxsa mövsümü "Rəvan"da başa vuracaqsan?
- Bu haqda danışmaq üçün hələ çox tezdir. Bütün fikrimi qarşıdakı oyunlara yönəltmişəm. Başqa komandalardan da təkliflər var, ona görə də qərar vermək üçün tələsmirəm. Qarşıda bizi 5 çətin oyun gözləyir, hələ ki, bu oyunlar haqda fikirləşirəm.
saytlarin hazirlanmasi