Rəşad Sadıqov: "Sonluğun bu qədər uğurlu alınacağını gözləmirdim" MÜSAHİBƏ

12:43 - 21 May 2016

"Mən kiməm ki, özümdən sonra kimisə əvəzedici qoyum?"

 

Premyer Liqamızda 2015/16 mövsümünü çempion kimi tamamlayan "Qarabağ"ın kapitanı Rəşad Sadıqov AZAL-la matçdan (3:0) sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az həmin müsahibəni təqdim edir:

 

- Çempionluğun verdiyi hiss necədi? Əvvəlki iki mövsümdən fərqli nəsə varmı, ya alışqanlıq yaradıb?

- Alışmaq deyilən bir şey yoxdu. Şükür olsun ki, çempion olduq. Baxmayaraq ki, çempionluğu 4-5 tur öncədən təmin etmişdik, çalışdıq ki, bu qarşılaşmada da yaxşı oyun göstərək. Çünki bizi qarşıda "Neftçi" ilə çətin final oyunu gözləyir. 4 gün sonrakı ağır oyun öncəsi istəyirik ki, hər bir futbolçu formada qalsın. Ümumilikdə isə çempionluq çox sevindirici haldı. Sevinirik, xoşbəxtik ki, yenidən ən güclü biz olduq.

 

- İki mövsüm ardıcıl olaraq Avroliqada qrup mərhələsinə vəsiqə qazandınız, budəfəki hədəf?

- Avrokuboklar elədi ki, orda əvvəlcədən nəsə demək olmur. Elə olar ki, qrupa düşərsən, və ya ilk mərhələdən məğlub olub mübarizəni dayandırarsan. Çempionlar Liqasında hamısı ciddi rəqiblərdi. Özünüz də görürsünüz. Bizi qarşıda çox çətin oyunlar gözləyir. Fikrimcə, ən ağır birinci mərhələ olacaq.

 

- Son üç çempionluğu karyeranın sonlarında əldə etdin. Bunu nəzərə alaraq, karyeranın sonlarını "qızıl dövr" adlandırmaq olarmı?

- Olar, əlbəttə. Karyeramın sonunun belə uğurlu olmağı mənim üçün də gözlənilməz oldu. Həm milli komandada 100 oyun həddini keçdim, həm iki dəfə Avroliqanın qrup mərhələsində oynadıq, həm də ardıcıl üç dəfə çempion olduq. Sonluğun bu qədər uğurlu alınacağını gözləmirdim.

 

- Məşqçilik kurslarında da iştirak etdin. Futbolçu karyeranı başa vurduqdan sonra ola bilər ki, elə "Qarabağ"da qalıb məşqçi olasan?

- Hələ bu haqda qərar verməmişəm. Ola bilər ki, məşqçi olum, ola bilər menecer və ya futbolla bağlı hansısa bir işdə, ya da tamamilə futboldan uzaq sahədə çalışım. Hələ bu barədə qərar verməmişəm. Sadəcə olaraq vaxtdan səmərəli istifadə etmək istəyirəm.

 

- Rəşad Sadıqovu futbolsuz təsəvvür edə bilmirik. Özün necə düşünürsən?

- Böyük problemdi. Özüm də düşünəndə qalıram belə ki, necə olacaq? Məhlədə futbol oynayacam, dostlarımla yığışacağıq. Ancaq çox çətin olacaq. Bu haqda düşünməməyə çalışıram.

 

- Rəşad özündən sonra əvəzedici olaraq kimi qoydu getdi?

- Mən kiməm ki, özümdən sonra kimisə əvəzedici qoyum? O qədər yaxşı futbolçular var ki, məndən də yaxşı oynayacaqlar.

Xəbər xətti