"Bu məsələ ilə bağlı yalnız onu deyə bilərəm: Haqsızlıq..."
"Xəzər Lənkəran" və 17 yaşlılardan ibarət milli komandamızın üzvü İbrahim Qədirzadənin Sportal.az-a müsahibəsi:
- “Rəvan”la oyunda 2:0 hesabı ilə öndə olmağınıza baxmayaraq qarşılaşmanın sonlarına yaxın qapınızda 2 top buraxaraq qələbə qazana bilmədiniz...
- “Rəvan”la oyunun bizim üçün mahiyyətini yaxşı dərk edirdik, itirdiyimizi çoxdan itirmişdik. Ən azından qələbə qazanıb sonuncu pillədən qurtulmaq istəyirdik. Oyuna da yaxşı başladıq, amma oyunun sonları heç bizim üçün də yaxşı olmadı.
- Qarşılaşmadakı penalti epizodu heç kim tərəfindən birmənalı qarşılanmadı...
- Penalti demək olarsa... Həmin epizodda mən üzümü çevirib mərkəzə tərəf qaçmaq istəyirdim. Hakim isə gülməli qərar qəbul edərək penalti təyin etdi. Mənim 17 yaşım var, indidən hakimlik haqda danışmağım düzgün olmaz. Bu məsələ ilə bağlı yalnız onu deyə bilərəm: Haqsızlıq...
- Bu mövsüm klubun üçün nə qədər uğursuz olsa da, sənin üçün uğurlu alındı. Premyer Liqada debüt etdin, bir neçə oyunda qol vurdun və s...
- Bu mövsüm tək mənim üçün deyil, bir çox gənc futbolçuların yolu açıldı. Komandamızda cavan futbolçuların sayı çoxluq təşkil edirdi və mən də bu məsuliyyəti yaxşı başa düşürdüm. Komanda yenidən güclənsə, əsas heyətdə yerimi təmin etməliyəm kimi bir mübarizə hissi var idi. Şükürlər olsun, yaxşı oyunlarım oldu, qol da vura bildim. Amma inanın ki, səhərə qədər “Rəvan”a vurduğum qol heç yadıma düşmürdü. “Xəzər Lənkəran”ın bu vəziyyətdə olması çox üzücüdür. Bu mövsümü özüm üçün yaxşı saymazdım, sadəcə qənaətbəxş idi. Bu hələ mənim üçün başlanğıcdır, öz üzərimdə daha çox işləməliyəm.
- “Xəzər Lənkəran”ın gələcək taleyi ilə bağlı sizlərə nəsə deyilib?
- Mayın 30-na kimi klubdan cavab gözləyəcəm. Ümid edirəm hər şey yaxşı olacaq.
- Bu mövsüm bir çox oyunlarda meydanda oldun. Premyer Liqa klublarından təklif almısan?
- Hələlik mayın 30-unu gözləyirəm. Ondan sonra hər şey məlum olacaq.
- Ölkəmizdə keçirilən 17 yaşlılardan ibarət milli komandaların Avropa çempionatında çıxış etdiyin millimiz 4 xalla kifayətləndi. Bu nəticəni necə dəyərləndirirsən?
- Son oyuna qədər qrupdan çıxmaq üçün şansımız da var idi. İkinci oyunda Belçikanı məğlub etsəydik, bəlkə də hər şey fərqli olardıq. Bu gün 4 xal da bizim üçün pis nəticə deyil.
- İlk oyunda 0:5 hesabı ilə məğlub olduğunuz Portuqaliya Avropa çempionu oldu. Bəlkə püşkdə bəxtiniz gətirmədi?
- Portuqaliya çox güclü komandadır, bunu ilk oyundan son qarşılaşmaya kimi göstərdilər. Deməzdim ki, püşkdə bəxtimiz gətirmədi, Portuqaliyanın yerinə İspaniya və ya başqa güclü komanda da düşə bilərdi. Portuqaliyaya məğlubiyyətdən sonra onların çempion olacağını bildirmişdim, çünki onların güclü olduğu açıq-aydın hiss olunurdu.
saytlarin hazirlanmasi