"O, indi azad agent statusuna malikdir"
Bu mövsüm Premyer Liqamızda adından söz etdirən futbolçular arasında “Zirə”nin yarımmüdafiəçisi Tatonu da qeyd etmək lazımdır. İspan futbolçu sərgilədiyi oyunla çoxlarının rəğbətini qazana bildi. Mövsüm bitən kimi onun “Zirə”dən ayrılması ilə bağlı xəbərlər bir qədər gözlənilməz oldu. Çünki onun “Zirə” ilə müqaviləsi 1+1 sistemi ilə bağlanmışdı. Yəni, “Zirə” istəsəydi, daha 1 il onu heyətində saxlaya bilərdi.
Məsələyə aydınlıq gətirmək üçün Tatonun Azərbaycandakı agenti Tural Əsgərovla əlaqə saxladıq. Sportal.az saytına danışan Tural bəy ispan futbolçunun gedişinin səbəbini dedi:
“Müqavilənin şərtlərinə görə, “Zirə” anlaşmanı daha 1 il uzada bilərdi. Lakin Tato buralarda çox əziyyət çəkirdi. O, süni örtüklü meydançalarda oynaya bilmir, ağrıları olur. Biz də klub rəhbərliyinə müraciət edib, bunu nəzərə almalarını xahiş etdik. Ona görə də, Tato ilə müqavilə uzadılmadı. O, indi azad agent statusuna malikdir”.
Qeyd edək ki, Premyer Liqamızda “Zirə” ilə yanaşı, “İnter”, AZAL, “Sumqayıt”, “Rəvan” da süni örtüklü meydançada oynayırlar.
saytlarin hazirlanmasi