"Bizə ulduz yox, öz işinə peşəkarcasına yanaşan futbolçu lazımdır"
Bu gün ölkə kubokun finalında "Qarabağ" "Neftçi"ni 1:0 hesabı ilə məğlub edub.
Sportal.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:
"İlk olaraq siz jurnalistləri təbrik edirəm, sizin üçün ağır mövsüm oldu, bizim üçüm mövsüm başa çatdı, amma sizin üçün hələ davam edir. Hər birinizi təbrik edir və uğurlar arzulayıram. Oyuna gəldikdə isə, azarkeşlərə təşəkkürümü bildirirəm. Bu qədər azarkeşin gəlməsi hamı üçün gözlənilməz oldu. Meydanda əsl futbol ab-havası oldu. Ən çox əziyyət çəkən isə futbolçular oldu, ağır mövsüm oldu. Həm çempionat, həm avrokubok, həm də kubokda mübarizə aparırdıq. Bizim üçün ən ağır oyun oldu, "Neftçi" komandası həddindən artıq istəkli idi, əfsuslar olsun qalib ola bilmədi. Oyun intizamını da son dəqiqəyə qədər qorumuşdular. İki kubok olsaydı, daha yaxşı olardı. Oyundan sonra bəzi futbolçulara yaxınlaşdım, bəzilərində qaşqabaq, bəzilərində göz yaşı gördüm. Həqiqətən də pis oldum. "Neftçi" rəhbərliyi oyundan sonra bizi təbrik etdi, mən də onlara belə komanda yaratmağı münasibəti ilə təbrik edirəm. Kubok tam fərqli idi, çox sevincliyəm. Məşqçilik karyeramda daha bir kiçik uğura imza atdım. Biz əgər daha yaxşı futbol oynamaq istəyiriksə, daha çox çalışmalıyıq və əsası da sadə olmalıyıq".
- Reynaldo son dəqiqədə təpik atmaqla meydanda qovuldu..
- 122-ci dəqiqədə baş vermiş bu hadisəyə nəsə demək çətindir. Bu gün futbolçulara heç bir iradım yoxdur. 120 dəqiqə futbolçular meydanda düzgün oynayıblarsa, 122-ci dəqiqədə baş verən bir şeyə şərh verməmək olar. Reynaldonu bağışlamaq olar.
- Komandaya yeni transfer olacaq?
- Ölkə xaricində hücumçu mövqeyində axtarışlarımız davam edir. Hücumçu mövqeyi elədir ki, onun üstünlüyünü qoruyub saxlamalıyıq. Çalışırıq ki, doğru seçim edək.
- "Qəbələ" artıq "Neftçi"nin bir neçə futbolçusu ilə danışıqlar aparır. Olmaz ki, siz də hücumçu axtarışını ölkəmizdə, elə "Neftçi"də edəsiniz...
- Yerli futbolçuları əldə etmək çətindir. Biz hansısa yerli futbolçu istəsək, ilk olaraq onun rəhbərliyi ilə danışıqlara başlayarıq. Bizim öz heyətimizdə də yerli gənc futbolçular var.
- Tahir Gözəl bildirdi ki, Qurban Qurbanov istəsə, ulduz futbolçu transfer edə bilərik. Belə bir tələbiniz olacaq?
- Mən heç vaxt rəhbərlikdən futbolçu tələb etməmişəm. Sadəcə futbolçu lazım olanda, öz fikirlərimi bildirmişəm. Qaldı ki, ulduz futbolçuya, ilk olaraq fikirləşməliyik, bizə ulduz futbolçu nə dərəcədə lazımdır? Ulduz futbolçu olanda bəzən problemlər çox olur. Bizə ulduz yox, öz işinə peşəkarcasına yanaşan futbolçu lazımdır.
- "Qarabağ"ın Arif Daşdəmirovla razılaşdığı deyilir..
- Bəli, Arif Daşdəmirovla müqavilə imzaladıq. İlk növbədə azərbaycanlıdır, müdafiənin həm sağ, həm sol cinahında oynaya bilir. Ən azından üstünlüyümüzü qorumaq üçün müdafiə və yarımmüdafiə xəttində problemlər olmamalıdır. Arif də bizə uyğun futbolçudur. Onun gəlişinə Ansi Aqollinin gedişinə işarə deyil. Ansi öz peşəkarlığı ilə seçilən futbolçularımızdandır.
saytlarin hazirlanmasi