Qara Qarayev: "Sevə-sevə işimizi davam etdirməyə çalışırıq" MÜSAHİBƏ

13:57 - 26 May 2016

"Uğur qazanmaq isə insanı növbəti uğurlara daha çox motivasiya edir"
 
Azərbaycan kubokunun final matçında "Qarabağ” və "Neftçi” komandaları üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma Ağdam təmsilçisinin 1-0 hesablı qələbəsi ilə başa çatıb.
 
Sportal.az xəbər verir ki, matçdan sonra "Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev jurnalistlərin suallarını cavablandırıb.
 
- "Neftçi” üzərində qalib gəldiyiniz matç haqqında nə deyə bilərsən?
- Şükürlər olsun ki, nəticə qazanmağı bacardıq. Bu nəticəni qazanmaq üçün çox çalışırdıq. Bizim üçün çox çətin idi. Bilirdik ki, "Neftçi” necə futbol oynayacaq. Bütün "Qarabağ” sevərləri təbrik edirəm.
 
- "Neftçi”nin belə oynayacağını gözləyirdiniz?
- Həqiqətən də çətin olacağını bilirdik. Çünki hər bir komanda bir oyun üçün yığışıb oynaya bilər və "Neftçi” də bunu bacardı. Son dəqiqələrdə qol vurmağı bacardıq. Penalti seriyasında şanslarımızı daha az görürdüm. Çünki "Neftçi” daha əvvəl də penaltilərdə oynamışdı. Oyunun penaltilər seriyasına qədər getməməsi çox yaxşı oldu. 
 
- Sona yaxın hər iki komandanın futbolçularında aqressivlik hiss olunurdu... 
- Bizlik heç nə yox idi. Daha çox tempi aşağı salmaq istəyirdik. Çalışırdıq ki, aqressiv hərəkətlərdən uzaq olaq. Amma oyun zamanı baş verən kiçik fasilələr həqiqətən də matçın gedişinə təsirsiz ötüşmür.
 
- Əsas vaxtda matçın taleyini həll edə bilməzdiniz?
- İlk dəqiqələrdə hesabı açmaq üçün şansımız olsa da istifadə edə bilmədik. Belə oyunlarda ilk dəqiqələrdə qol vurmamaq oyunun gedişatı zamanı çətinliklərə səbəb olur. Biz də onun acısını yaşadıq. 
 
- Milli komandamız yoldaşlıq matçında Andorra ilə üz-üzə gələcək...
- Evə qaçıb çantamı götürüb hava limanına gedirəm. İnanıram ki, milli komandanın heyətində daha uğurlu çıxış edəcəyik. Baş məşqçimiz tapşırdı ki, millinin düşərgəsində daha yaxşı oyun sərgiləməliyik. Allahın köməkliyi ilə zədəsiz, itkisiz hazırlıq keçərik. Yəqin ki, ağır oyundan çıxdığımız üçün Andorra ilə oyunu buraxmalı olacağıq. Rəqibin kimliyinən asılı olmayaraq uğur qazanmaq lazımdır. 
 
- Ağır keçən mövsümdən sonra millinin toplanışı, daha sonra müəyyən qədər istirahət və avrokuboklara hazırlıq dönəmi. Çətin olduğunu düşünmürsən?
- Həqiqətən də çox çətindi. Dincəlmək üçün çox az vaxtımız olacaq. Amma bu bizim işimizdi. Sevə-sevə işimizi davam etdirməyə çalışırıq. Uğur qazanmaq isə insanı növbəti uğurlara daha çox motivasiya edir.

Xəbər xətti