Mahir Mədətov: "Tam formada olsaydım, epizodları dəyərləndirərdim"

16:23 - 26 May 2016

"Baş məşqçimiz istəmirdi fikrim başqa şeylərə getsin"

 

"Asan oyun olmadı. Lakin özümüz özümüzü çətinliyə saldıq. Çox qol epizodlarımız oldu. Mən də əlimə düşən qol fürsətlərin dəyərləndirsəydim, oyun başqa cür ola bilərdi”.

Sportal.az xəbər verir ki, bu sözləri  "Qarabağ”ın futbolçusu Mahir Mədətov "Neftçi” ilə kubokun final oyunundan (1:0) sonra deyib.

Gənc hücumçu oyunun sonlarında artıq penaltilərə hazırlaşdıqlarını bildirib: "Neftçi”dən belə oyun gözləyirdik. Daha çox müdafiədən oynayacaqlarını bilirdik. "Neftçi” böyük klubdur. Final təcrübələri də bizdən çoxdur. Biz penaltilərə hazırlaşırdıq. Lakin son anlarda ehtiyat skamyada hər kəs ayağa qalxıb hiss etdi ki, qol olacaq. Bu kuboku bütün komandamız qazandı. Ola bilər ki, son oyunlarda özümü yaxşı tərəfdən göstərdim, qollar vurdum. Yenə də bu bəs etmir. Tam formada olsaydım,  epizodları dəyərləndirərdim. Hələ ki məndə  təcrübə çatmır. Biraz da öz üzərimdə çalışıb, "Qarabağ”a Çempionlar Liqasında kömək etmək istəyirəm”.


Mədətov bir müddət əvvəl komandanın baş məşqçisi Qurban Qurbanovun ona mətbuata danışmağa qadağa qoymasına da münasibət bildirib: "Qurban Qurbanovun müsahibə verməyimə icazə verməməsinin xeyri oldu ki, bu gün əsas heyətdə oyuna çıxdım. Baş məşqçimiz istəmirdi fikrim başqa şeylərə getsin”.

Xəbər xətti