Samir Abasov: "Gənc oyunçunun yerli futbolçuların əhatəsində yetişməsi qəliz məsələdi" MÜSAHİBƏ

00:11 - 17 İyun 2016

"Vaqif Cavadovu saxlamaq üçün çox çalışmadıq"
 
"Sumqayıt”ın baş məşqçisi Samir Abasovun Sportal.az saytına müsahibəsi: 
 
- Komandanızın yay hazırlıq planı necədir?
- Komandamız ayın 22-də bir araya gələcək. İyul ayının 9-na qədər Sumqayıtda hazırlıq keçəcəyik. Gözləmədiyimiz bir problem çıxmazsa toplanışın ikinci hissəsini Türkiyədə keçirmək istəyirik. Yəqin ki, Bolu bölgəsinə gedəcəyik. Türkiyə toplanışı çərçivəsində 4 yoxlama oyunu keçirməyi planlaşdırırıq. Türkiyəyə getməmişdən əvvəl də ölkəmizdə1 yoxlama oyunu keçirmək fikrindəyik. Lakin hələlik rəqib müəyyənləşdirə bilməmişik. 
 
- Transfer çalışmalarınız necə davam edir?
- Yavaş-yavaş işlər gedir. Biz xırda-xırda addımlayırıq. İstəyirik ki, komandamıza uyğun olan və ən keyfiyyətli futbolçularla güclənək.
 
- Vaqif Cavadovu komandada saxlamağa necə nail oldunuz?
- Vaqif Cavadov özü komandada qalmağa razılıq verdi. Sözün açığı, onu saxlamaq üçün çox çalışmadıq. Özü də tez-tez klub dəyişmək istəmədiyini bildirdi.
 
- Daha öncə Vaqif Cavadovu komandadan göndərməyiniz haqqında xəbərlər yayılmışdı...
- Bu, mənim tərəfimdən olmayan bir şeydir. Çempionat başa çatmamışdan əvvəl bilirdim ki, komandadan kimlər gedəcək.Mətbuat konfranslarında da bildirmişdim ki, 6-7 futbolçu komandamızı tərk edəcək. Açığı, Vaqif Cavadovun komandadan gedəcəyini gözləyirdim. Onun bir neçə klubdan təklif aldığı ilə bağlı xəbərlər eşitmişdim. Amma Vaqif başqa qərar qəbul etdi və komandamızda qalmağa razılıq verdi.
 
- Ola bilərmi, çempionatda komandaların sayının 8-ə endirilməsi və klublarda olan maliyyə problemi  Vaqifi "Sumqayıt”da qalmağa vadar etdi...
- Bu sual Vaqif Cavadova ünvanlansa, daha yaxşı olar. Mənim bildiyim qədər Vaqif Cavadovun təklif aldığı klub var idi. Təklif edən tərəf nə təklif edirdisə, onu deyə bilmərəm.
 
- Artıq Fərhad Vəliyev, Ruslan Tağızadə və Kamran Abdullazadə ilə müqavilə imzalamısınız. Gündəminizdə olan digər futbolçular kimlərdi?
- Məhəmməd Qurbanovla danışıq aparırıq. Bəlkə də, onu bizim futbolçu saymaq olar. Bu, bizdən asılı olan məsələ deyil. Məhhəməd ilk öncə "Neftçi” ilə razılaşmalı, daha sonra bizimlə müqavilə imzalamalıdır. Bir də Mirabdulla Abbasovla danışıq aparırıq.
 
- Növbəti mövsüm Premyer Liqada 8 komanda olacaq. Buna münasibətiniz necədir?
- Açığı, mənim münasibətim heç də yaxşı deyil. Nə qədər çox komanda olsa, daha maraqlı olardı.  Bölgələrdə komanda sayı çoxalsaydı daha yaxşı olardı.Bilmirəm bu hara kimi belə davam edəcək. Rövnəq Abdullayev və Elxan Məmmədov müsahibəsində bildirib ki, bu, komandaların inkişafı üçün atılan addımdır. Bəlkə də gələcəkdə bəhrəsini verdi. 
 
- "Sumqayıt” mövsümü sonuncu pillələrdə başa vuran komandalardan biridir. Komanda sayı 8 olandan sonra "Sumqayıt” üçün gələn mövsüm necə olacaq?
- Bizə çox çətin olacaq. Ümidimiz var idi ki, legioner fubolçular trasnfer edəcəyimizə icazə verilsin. Biz bunun sayəsində digər komandalarla rəqabətə girmək istəyirdik. Amma buna icazə vermədilər. Bunun səbəbini bilmirəm. Bundan sonra transfer edəcəyimiz futbolçuların keyfiyyətinə baxıb deyəcəyik ki, biz nəyə görə oynayırıq. İndiki vəziyyətdə görünən bir şey var ki, biz gələn mövsümü 7 pillədə başa vura bilərik. AZAL-ın bugünkü vəziyyətin deyirəm. AZAL-ın xətrinə dəymək istəmirəm. İnşallah AZAL da yaxşı sponsor tapar və komandasını gücləndirə bilər. Əgər belə olacaqsa, o zaman AZAL da bizə rəqib olmayacaq. Belə olacağı təqdirdə sonuncu pillə uğrunda yeganə rəqibimiz elə "Sumqayıt” olacaq.
 
- Rəhbərlik komandaya legioner cəlb olunmamasını milli komandaya futbolçu yetişdirməklə əlaqələndirir. Bir sözlə, "Sumqayıt” millinin akademiyası kimi adlandırılır. Necə düşünürsünüz, "Sumqayıt” milli komandaya futbolçu yetişdirmək işinin öhdəsindən gələ bilir?
- Daha yaxşısı legionerlərin əhatəsində yetişən oyunçulardı. Yaxşı, keyfiyyətli futbolçuların içində yaxşı oyunçular da yetişir. Nümunə kimi, Telllur Mütəllimov və Sadiq Quliyev "Zirə”nin heyətində "artırdı”. Gənc futbolçunun yerli oyunçuların əhatəsində yetişməsi qəliz məsələdi.

Xəbər xətti