"İstərdim ki, yenə bombardir olum"
Son mövsüm Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətlərinin çempionatının ən məhsuldar futbolçusu olmuş "Qəbələ"nin hücumçusu Ehtiram Şahverdiyevin Sportal.az-a müsahibəsi:
- "Qəbələ"nin Gürcüstan toplanışı necə gedir?
- Hazırlıqlarımız çox yaxşı, yüksək səviyyədə davam edir. Burada bir yoxlama matçı keçirdik, rəqibimizə qalib gəldik. Hazırlıq prosesimiz davam edir.
- Əvəzedici heyətdən əsas komandaya cəlb olundun. Əsas komandaya uyğunlaşa bilirsən?
- Əvəzedici heyətə nisbətən əsas komandada daha təcrübəli futbolçular var. Çətin olsa da əlimdən gələnin ən yaxşısını edirəm. Özümü sübüt etmək üçün var gücümlə çalışıram. Hər futbolçunun məqsədi əsas komandaya yüksəlməkdi. Mənim də məqsədim məşqlərdə özümü yaxşı tərəfdən göstərmək, şans verilən oyunlardan maksimum yararlanaraq burada möhkəmlənməkdi. Ən əsası da təcrübəli futbolçulardan öyrənməli olduğum çox şeylər var.
- Əsas komandanın daimi üzvünə çevrilmək üçün nə etmək lazımdı?
- Məşqlərdə və oyunlarda əlindən gələni etmək, məşqçilərin verdiyi tapşırıqları yerinə yetirmək.
- Hazırlıq oyunlarında iştirak etmisən. Oyununla Qriqorçukun etimadını qazana bilmisən?
- Bu, mənim cavab verə biləcəyim bir sual deyil. Bu barədə baş məşqçi daha yaxşı bilər. Mən cavan oyunçuyam, mənim işim tapşırıqlara diqqətlə qulaq asmaq, özümü yaxşı şəkildə göstərməkdi. Bunun üçün öz üzərimdə çox çalışmalıyam.
Mövsüm bitdikdən sonra "Qəbələ"dən bir neçə futbolçu ayrıldı. Onların gedişi komandanın oyununa necə təsir göstərəcək?
- Necə olacağını zaman göstərəcək. İndi bu barədə nəsə demək olmaz. "Qəbələ" hər zaman yüksək yerlər uğrunda mübarizə aparan, iddialı komandadı. Bizim fikrimiz yalnız "Qəbələ"yə uğurlar qazandırmaqdı.
- "Qəbələ" Avropa Liqasında Gürcüstanın "Samtredia" klubu ilə qarşılaşacaq. Rəqibi necə dəyərləndirirsən?
- Avroliqada zəif komanda yoxdu. "Samtredia" Gürcüstan çempionatında yaxşı nəticə göstərib. Göstərdiyi nəticədən də necə komada olduğu bilinir. Biz əsas "Qəbələ"ni düşünürük. Əlimizdən gələnin ən yaxşısını edib sevinən tərəf biz olmalıyıq. Növbəti mərhələyə vəsiqə qazanmaq istəyirik.
- Avroliqada ötən ilki uğuru təkrarlamaq olacaq?
- Niyə də olmasın. İnanıram ki, hər şey bizim üçün yaxşı olacaq. Bir daha qeyd edirəm, bunun üçün çox çalışmağımız lazımdı. Əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, yaxşı nəticələr əldə edib, yenə tarix yazaq.
- Avroliqa oyunlarında baş məşqçinin şans verəcəyini gözləyirsən?
Əlbəttə. Hər şeyə hazır olmalıyam. Amma mən gənc futbolçuyam. Daha çox çalışıb çatışmazlıqlarımı aradan qaldırmalıyam. Əgər şans verilsə maksimum şəkildə baş məşqçinin inamını doğruldacam.
- Son mövsüm əvəzedici heyətlərin çempionatında bombardir oldun. Növbəti mövsüm üçün hədəfin nədi?
- Keçən mövsüm mənim üçün çox uğurlu oldu. Hazırda başlıca məqsədim əsas komandada yerimi qorumaqdı. İstərdim ki, yenə bombardir olum. Amma Premyer Liqada daha təcrübəli futbolçular var. Buna baxmayaraq qollarımı sıralamağa çalışacam.
saytlarin hazirlanmasi