Şəhriyar Rəhimov: "Kəpəz" azarkeşləri həmin atmosferi "Dalğa Arena"da da yaradacaqlar" MÜSAHİBƏ

13:51 - 24 İyun 2016

"Yeni transferlərin komandaya çox xeyri dəyəcək"
 
"Kəpəz"in müdafiəçisi Şəhriyar Rəhimov Sportal.az saytına müsahibə verib.
 
- Avropa Liqasina hazırlıq necə gedir? 
- Hazırlıq öz qaydasında gedir. Artıq məşqlərimizi Bakıda davam etdiririk. Oyunun 2 gün qabağa çəkilməsi qrafikdə sıxlıq yaratdı. İnşallah bu, bizə mənfi təsir etməz.
 
- Püşkatmanı necə dəyərləndirirsən? “Daçiya” “Kəpəz”in dişinə görədir?
- Moldova klubu çox ciddi rəqibdir.  Sizin saytda “Daçiya”nın prezidentinin müsahibəsini də oxudum. Məqsədləri Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdır. Rəqibimizin iddialı olduğunu bilirik. Amma asan şəkildə təslim olmaq fikrimiz yoxdur. Səpələnməmişlər səbətində yer aldığımız üçün bizə güclü rəqib düşəcəyini bilirdik. Bir sözlə, rəqibimiz sıradan komandalardan deyil.
 
- Şəhriyar, Moldova təmsilçiləri ilə oyunlarda mərhələ adlaya bilməmişik. “Kəpəz” bu statistikanı qıra bilər?
- Əlimizdən gələni edəcəyik ki, mərhələni keçək. Bütün gücümüzü ortaya qoyacağıq. Statistika çox şey deyir. Amma bu, bizim oyunumuza təsir etməyəcək.
 
- Yeni transferlər komandaya güc qata biləcəklər?
- Məşqlərdə necə səviyyəli futbolçular olduğunu görürük. Sadəcə adaptasiya prosesini tez bir zamanda keçmək lazımdır. Əsas məsələ qısa zaman kəsiyində uyğunlaşmaqdır. İnanıram ki, yeni transferlərin komandaya çox xeyri dəyəcək.
 
- “Kəpəz”in Bakıda oynaması komandaya təsir etməyəcək?
- Bu, çətin sual oldu. Gəncə stadionunda başqa atmosfer olur. İnanıram ki, "Kəpəz" azarkeşləri həmin abu-havanı “Dalğa Arena”da da yaradacaqlar. Biz də istəyirdik ki, oyunlarımızı Gəncədə keçirək, amma neyləmək olar?
 
Mehman ƏŞRƏFOV

Xəbər xətti