"Həm dayaq yarımmüdafiəçisi, həm də oyun qurucusu kimi oynamaq bacarığına malikdir"
Transfer bazarında fəallıq göstərən “Zirə” klubu ötən gün serbiyalı Milan Duriçin keçidini də həll edib. Bu futbolçunun transferi ilə bağlı onun ölkəmizdəki agenti Erkin İbrahimovla əlaqə saxladıq. Sportal.az saytına açıqlama verən Erkin bəy Duriçin hələ ötən mövsümdən “Zirə”nin maraq dairəsində olduğunu dedi:
“Əslində, bu transfer hələ ötən mövsüm gerçəkləşə bilərdi. Adil Şükürov onu komandasında görmək istəyirdi. Amma Duriç son anda Xorvatiyadan gələn təklifə üstünlük verdi. Çünki mediada “Zirə” haqqında məlumat toplayan futbolçu baxırdı ki, klub Premyer Liqada debütantdı, aşağı liqadan yeni gəlib. Lakin ilk ilində qazandığı nəticədən sonra artıq “Zirə”ni iddialı klub kimi tanıyırlar. Legionerlərdən kimə “Zirə” deyirsənsə, artıq sual vermir. Bu baxımdan bu klubla əməkdaşlıq edən agentlərin də işi xeyli asanlaşıb.
Milan Duriçi xeyli müddət idi ki, nəzərimdə saxlayırdım. Universal futbolçudur. Orta sahədə çıxış eləyir. Həm “6”, həm də “8” nömrə kimi komandaya xeyir verə bilər. Yəni, həm dayaq yarımmüdafiəçisi, həm də oyun qurucusu kimi oynamaq bacarığına malikdir. Sizə deyim ki, digər klublarda həmin mövqedə çıxış edib daha böyük maaş alan futbolçulardan heç də zəif deyil. Adaptasiya ilə bağlı da problem olmalı deyil, serblər adətən bizim futbola tez uyğunlaşırlar. Həm də əcnəbilər Azərbaycana gəlməmişdən öncə burada çıxış eləyən həmyerliləri və ya tanıdıqları oyunçulardan futbolumuz barədə maraqlanırlar. Duriç bura gəlməmişdən qabaq Muarem Muaremlə məsləhətləşib. O da Duriçə deyib ki, heç düşünmədən gəl”.
Qeyd edək ki, “Zirə” 29 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalayıb.
saytlarin hazirlanmasi