"Layihələrim barədə məlumat verdim, bəyəndilər"
Qarşıdakı mövsümdə I Divizonda mübarizə aparmağı hədəfləyən “Şuşa “Qarabağ” klubu Premyer Liqa təcrübəsi olan futbolçuları transfer etməklə son vaxtlarda gündəm qazanıb. Artıq klubun idarəetmə strukturu da komplektləşib. Yeni təyinatlar arasında futbol agenti kimi tanınan Günel Rusman da var. Günel xanım “Şuşa Qarabağ” klubunda menecer vəzifəsində çalışacaq.
Təyinatı ilə bağlı Sportal.az saytına açıqlama verən Rusman həm də klubun gələcək fəaliyyəti barədə danışıb:
“Elə alındı ki, klub mənim futbolçumla maraqlandı və eyni zamanda, mən də bu klubla maraqlanmağa başladım. Rəhbərliklə görüşdük və söhbət əsnasında belə qərara gəlindi ki, mən “Şuşa Qarabağ”da menecer vəzifəsində çalışım. Onlara öz layihələrim barədə məlumat verdim, bəyəndilər. Gələcəkdə həmin layihələri mütləq gerçəkləşdirəcəyik.
Funksiyam menecerdi və klub menecerinin öhdəliyinə düşən bütün işləri görəcəyəm. Konkret seleksiya işlərinə gəlincə, əlbəttə ki, mənim futbolçularla bağlı təkliflərim olacaq. Lakin bu məsələdə son söz klubumuzun baş məşqçisi Nadir Qasımova məxsus olacaq.
Klubla bağlı planlarımız çox böyükdü. “Şuşa Qarabağ” adını səviyyəli şəkildə təmsil etmək istəyirik. Məqsədimiz tək Premyer Liqaya yüksəlmək deyil. Məqsədimiz səsimizi Avropaya, dünyaya duyurmaqdır. Şuşanın, Qarabağın Azərbaycana aid olduğunu bütün dünyaya çatdırmaq istəyirik”.
saytlarin hazirlanmasi