Şahin Diniyev: "Məni ən çox narahat edən məqam budu" MÜSAHİBƏ

00:19 - 5 İyul 2016

"Kəpəz”  meydançada olan üç amilə görə öz mədəniyyətini göstərdi"
 
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Sportal.az saytına müsahibə verib.
 
- "Daçiya" matçıöncəsi komandanızda son durum necədi?
- İdeal vəziyyətdən biraz kənardayıq. Son məşqlərimiz məni çox da qane etmir. Komandada müəyyən qədər düşkünlük var. Bəlkə də, bu, adaptasiya ilə bağlıdı. Qarşıdakı iki gündə həm psixoloji, həm də fiziki cəhətdən özümüzü toparlamağa çalışacağıq. Futbolçularımız "Daçiya” ilə ilk oyundan sonra ağır məşqlər ediblər. Belə deyək, komandanın "sveji”si çatışmır. Üzərimizdə böyük yük var və bunu üzərimizdən atmağa çalışacağıq. Bəziləri bizim asan mərhələ keçəcəyimizi deyir. Ancaq fakt var ki, bizim vəziyyətimiz "Daçiya”nın vəziyyətindən daha pisdi. Bu mənada, "Daçiya”nın səfərdə qazandığı nəticə evdəki oyunda onlara üstünlük verir. "Kəpəz” də əllərini qaldırmaq və tabe olmaq niyyətində deyil. Çalışacağıq ki, rəqibin oyununa görə öz oyunumuzu quraq. Komanda əlində olan bu tarixi şansı qaçırmamağa çalışacaq. Növbəti dəfə təkrar edirəm ki, bizi həddindən artıq çətin oyun gözləyir. Həm "Daçiya”, həm azarkeşlər tərəfindən üzərimizdə təzyiq olacaq. Bizə səbr etmək və öz şansımızı gözləmək qalır. 
 
- Bildirdiniz ki, komandadan narazıyam. Azarkeşlər, mütəxəssislər və media nümayəndələri ilk oyunun nəticəsinə görə "Kəpəz"in mərhələ adlayacağını deyir. Bu, komandanın arxayınlaşmasına səbəb olan amil deyil?
- Tamamiylə düzdü. Həqiqətən də məni ən çox narahat edən məqam budu. Mütəxəssislər, azarkeşlər və media nümayəndələri də "Kəpəz”in qələbəsinə inanır. Əslində, özünəinam yaxşı şeydi. Ancaq bu, müəyyən hüdudu keçməməlidi. Kim deyə bilər ki, biz mərhələ adlamalıyıq? Ola bilər ki, ilk oyuna görə belə düşünürlər. Ancaq "Daçiya” evdə başqa tamam fərqli futbol oynaya bilər. Hər iki komanda qələbə qazanmaq üçün meydana çıxacaq. Biz "Daçiya”nın səviyyəsini ilk oyunda gördük. Maddi texniki baxımdan "Daçiya” bizdən çox üstündü. Bunu etiraf etmək lazımdı ki, "Daçiya”nın şansı bizimkindən müəyyən qədər artıqdı. Şansları bərabərləşdirmək və daha üstün olmaq üçün səfərdə meydanın hər qarışı uğrunda mübarizə aparmalıyıq. 
 
- Şahin müəllim, yəqin ki ilk oyunu analiz etmisiniz və komandanın çatışmayan cəhətləri üzərində qeydlər aparmısınız. Bütün bunları nəzərə alaraq Moldovadakı oyunda həm heyət baxımından, həm də taktiki-texniki cəhətdən hansı dəyişikliyə əl atacaqsınız?   
- Heyət baxımından dəyişiklik gözlənilmir. Yəni, bizim heyətimiz o qədər də geniş deyil ki, bir neçə oyunçunun mövqeyini dəyişək. Böyük ehtimalla eyni heyətlə mübarizə aparacağıq. Ancaq hər bir futbolçunun artırma gücü var və buna potensialları çatır. Mənə elə gəlir ki, o şeyləri artırıb, oyunda olan mənfi cəhətlərimizi aradan götürməliyik. Səhvlərimizi minimuma endirməliyik. Hər bir səhv bizə baha başa gələ bilər. Dediyim kimi, səfərdə oynamaq bizə çox çətin olacaq. Rəqibin oyununu və öz oyunumuzu analiz etmişik. Oyundan öncə tapşırıqlarımızı bir daha futbolçulara çatdıracağıq. Bundan sonrası isə meydanda futbolçuların oyunundan asılı olacaq. 
 
- Deyəsən bir neçə futbolçunuzun zədəsi var idi...
- Yox, bunlar kiçik zədələrdi. Mənə elə gəlir ki, bütün futbolçular oyuna hazır olacaq. 
 
- İlk oyun zamanı rəqib komandanın prezidenti tərəfindən "Kəpəz”ə müəyyən təzyiqlər var idi. Bu, səfərdə sizin işinizi çətinə salmayacaq?
- Yox, bütün olanlar emossional şeylərdi. İlk oyunda gördünüz ki, "Kəpəz”  meydançada olan üç amilə görə öz mədəniyyətini göstərdi. Hakim, rəqib komanda və azarkeşlərə qarşı tutduğumuz mövqedə heç bir futbol mədəniyyətsizliyi göstərmədik. Biz futbolumuzu oynamalıyıq. Meydanın daxilində və kənarında olan şeylər futbola aid olmayan məsələlərdi. Biz yalnız futbol haqqında düşünməliyik. 
 
- Səfərə qollu heç-heçə üçün gedirsiniz, yoxsa qələbə qazanmaq üçün?
- Bu gün heç kim deyə bilməz səfərə nə üçün gedirik. Uğur qazanmaq üçün gedirik. Ancaq nə qədər nail olacağıq bunu futbol göstərəcək.

Xəbər xətti