"Mərhələnin taleyi hələ də həll olunmayıb, amma şanslarımız daha çoxdur"
"Qəbələ"nin kapitanı Rəşad Sadiqov bu gün Gürcüstana səfəröncəsi hava limanında jurnalistlərin suallarını cavablandırıb:
Sportal.az həmin müsahibəni təqdim edir:
- Sabah "Samtredia" ilə cavab matçına çıxacaqsınız...
- Komanda olaraq bu oyuna ciddi hazırlaşmışıq. Əlimizdən gələni edəcəyik ki, bu oyunda qələbə qazanaq.
- İlk oyunda qazanılan 5:1 hesablı qələbə sizi cavab oyunu öncəsi motivasiyadan salmır?
- Hər bir komanda evdə daha rahat oynayır. Elə rəqibimiz də sabah meydana qələbə qazanmaq üçün çıxacaq. Buna baxmayaraq, biz rəqibin necə oynadığını yox, öz oyunumuzu fikirləşməliyik.Komanda bir saniyə olsa belə oyuna konsentrasiyanı itirməməlidir. Əgər daha irəli mərhələlərə vəsiqə qazanmaq istəyiriksə, ilk olaraq bu oyuna ciddi hazırlaşmalıyıq.
- İlk oyunda 5:1 hesablı qələbə gözləyirdiniz?
- Açığı, belə hesabla qələbə gözləmirdik. Sadəcə, komandamızın potensialının yaxşı olduğunu və birinci mərhələni keçməyə qadir olduğumuzu bilirdik. Düzdür, hələ də mərhələnin taleyi hələ də həll olunmayıb, amma şanslarımız daha çoxdur.
- Bir kapitan kimi necə düşünürsən, Uiks Dodonun yerini doldura bilibmi?
- Futbolçular haqda mənim rəy bildirməyim yaxşı hal deyil. Sadəcə, Uiks ilk oyunda göstərdi ki, yeni gələnlər digərlərindən heç də geri qalmır. Hələ qarşıdakı oyunlarda tam yaxşı formada olacaqlar. Yeni gələn futbolçular həmişə gedənlərdən daha yaxşı olur. Bu ilki transferlərimiz keçən ilkindən daha yaxşıdır.
- Baş məşqçinizlə növbəti mərhələ haqqında danışmısınız...
- Ümumiyyətlə, ikinci mərhələ haqda fikirləşməmişik. İlk olaraq, bu səfərdən üzüağ, qələbəylə qayıtmaq istəyirik. Ondan sonra ikinci mərhələ haqda fikirləşərik.
- Avrokuboklarda digər klublarımızın şanslarını necə dəyərləndirirsən?
- Mənə elə gəlir ki, bizdən başqa hər üç klubumuz mərhələni keçmək iqtidarındadı. Bir az "Kəpəz"lə "Daçiya" arasında qarşılaşma gərgin keçəcək. "Neftçi" böyük ehtimalla növbəti mərhələdədir, "Qarabağ"ın da gücünə bələdik.
saytlarin hazirlanmasi