Teo Uiks: "Komanda yoldaşlarım məni Vilyan deyə çağırırlar" MÜSAHİBƏ

14:43 - 6 İyul 2016

"Əgər həmin epizodda Dabo olsaydı, bunu normal qarşılayardım"
 
"Qəbələ"nin futbolçusu Teo Uiks Gürcüstanda jurnalistlərin suallarını cavablandırıb.
 
Sportal.az həmin müsahibəni təqdim edir:
 
- Sabahkı oyun haqda nə söyləyə bilərsiz?
- Biz ilk matçda yaxşı nəticə qazanmışıq. Ona görə də bu oyunda rahat oynayacağıq. Amma biz bu oyuna da ciddi yanaşırıq.
 
- Artıq növbəti mərhələ haqda düşünürsünüz?
- Xeyr. Bu oyundan sonra fikirləşəcəyik. Çünki bizi növbəti mərhələdən 90 dəqiqə ayırır.
 
- “Qəbələ”yə gələndə daha çox saç düzümü ilə diqqət çəkdin. Amma ilk oyunda daha çox öz oyununla azakeşlərin rəğbətini qazandın.
- Çox sevinirəm ki, ilk oyunda het-trik etdim. Mən uğurlu çıxış etməyə çalışacam. Azarkeşlərin rəğbətini ilk oyunumda qazanmışamsa, xoşbəxtəm. 
 
- Saç stilinlə “Çelsi”nin braziliyalı futbolçusu Vilyana bənzəyirsən.
- Bəli. (gülür). Mən Liberiya millisinin futbolçusuyam və insanlar məni belə tanıyır. Çox insanlar məni bəzi futbolçulara bənzədirlər. Vilyan da onlardan biridir. Hətta millinin heyətində komanda yoldaşlarım məni Vilyan deyə çağırırlar (gülür).
 
- Necə bir ölkəyə gəldiyini bilirsən? Azərbaycan haqda nə informasiyaya maliksən?
- Bəzi məlumatlarım var idi. Yaxın insanlarla məsləhətləşib qərarımı verdim. Burada hər şey məni qane edir. “Qəbələ” yaxşı komandadır. Seçimimə görə peşman deyiləm. 
 
- Futbolumuz, şəhərimiz, insanlarımız barədə ilk təəssüratların necədir?
- Mən Türkiyədə də legioner həyatı yaşamışam. Bilirəm ki, Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Hər şey qaydasındadır.
 
- 3 qol vurdun. Sanki qol sevincinin birini Kristiano Ronaldo kimi qeyd etdin. Yoxsa bizə elə gəldi?
- Bəli (gülür). Bu, xüsusi önəm kəsb etmir. Sadəcə belə qol sevincimi belə qeyd etdim.
 
- Bu oyunda da het-trik etmək fikriniz var?
- Hər oyunda yaxşı oynamağa çalışıram. Het-trik? Bu, çətin olar. Çünki mən qol maşını deyiləm. Amma bacardığımı edəcəm.
 
- 2 qolun çox gözəl alınmışdı. Həmin epizodda Daboya ötürmə də verə bilərdiniz...
- Sadəcə son nöqtəni özüm qoymaq istədim. Dabo buna görə, məndən inciməz (gülür).
 
- Bəs, bu hərəkəti Dabo sənə qarşı etsəydi, necə qarşılayardın?
- Komandaya yeni qoşulmağımıza baxmayaraq hər şey qaydasındadır. Əgər həmin epizodda Dabo olsaydı, bunu normal qarşılayardım. Əsas “Qəbələ”nin qələbə qazanmasıdır.

Xəbər xətti