"Adaptasiya prosesini geridə qoyduqdan sonra daha yaxşı təsir bağışlayacağam"
"Qəbələ"nin yarımmüdafiəçisi Filip Ozobiç Gürcüstanda jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az həmin müsahibəni təqdim edir:
- Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Qəbələ” – "Samtredia” oyunu komandanızın böyükhesablı qələbəsiylə başa çatıb. "Qəbələ”nin artıq növbəti mərhələdə görmək olarmı?
- Bu barədə düşünmək və bu haqda danışmaq hələ tezdi. Bu gün baş tutacaq qarşılaşmada da Bakıdakı kimi oynamaq lazımdı. Düşünürəm ki, sabah da ilk oyundakı kimi oynasaq, növbəti mərhələ haqqında düşünə bilərik.
- Səfər qarşılaşması haqqında fikirləriniz necədi? Düşünmürsünüz ki, asan olacaq?
- Xeyr. Bu gün baş tutacaq matç çox çətin olacaq. Doğrudan da "Samtredia” yaxşı komandadı. Rəqibə hörmətlə yanaşmaq və onlara qarşı yaxşı oynamaq lazımdı.
- Rəqibinizin güclü cəhətləri nədən ibarətdi?
- Rəqibimizin heyətində yaxşı hücumçuları var. Əlbəttə, ilk oyunda qeydə alınan nəticəyə baxmayaraq, "Samtredia” təhlükəli komandadı. Ancaq biz onlardan da yaxşı komandayıq. Buna görə də, növbəti mərhələyə adlayacaq tərəf "Qəbələ” olacaq.
- Artıq bir müddətdi ki, "Qəbələ”yə transfer olunmusunuz. Komanda ilə bağlı ümumi fikirləriniz necədi?
- Əlbəttə, mən bu klubla keçidimə görə xoşbəxtəm. Məni hər şey qane edir. "Qəbələ” çox yaxşı komandadı, burda əla iş görülüb. Oyunlar keçdikcə daha yaxşı futbol sərgiləməyə çalışacağıq. Hələlik kollektivə tam uyğunlaşmamışam. Adaptasiya prosesini geridə qoyduqdan sonra daha yaxşı təsir bağışlayacağam.
- Baş məşqçiniz Roman Qriqorçuk barədə fikirləriniz maraqlı olardı. Onu bir mütəxəssis kimi necə dəyərləndirə bilərsiniz?
- Roman Qriqorçuk yaxşı məşqçidi. Onun işi açıq-aşkar görünür. O, bütün futbolçularla normal rəftar edir və nə etməli olduğumuzu başa salır. Fikrimcə, "Qəbələ”nin güclü komanda olmasında onun əməyi böyükdü.
- "Qəbələ” ötən mövsüm Avropa Liqasının qrup mərhələsində iştirak edib. Necə düşünürsən, bu mövsüm həmin tarixi uğuru təkrarlamaq olacaqmı?
- Əlbəttə. Düşünürəm ki, bunu etmək mümkünsüz deyil. Komanda özü oyunu ilə sübut edir ki, bu mövsüm də qrup mərhələsinə vəsiqəni təmin edə bilər. Fikrimiz yüksək səviyyəli oyun göstərməkdi. Mən komandanın heyətini zəif saymıram. Zaman hər şeyin açarıdı və doğru düşündüyümüzü göstərəcək. (futbol11.az)
saytlarin hazirlanmasi