AZARKEŞ TRİBUNASI: Bir "Neftçi"linin fəryadı YAZI

12:14 - 8 İyul 2016

Çəkilin kənara, anlayanlar gəlsin
 
"Neftçi"nin Maltanın 4-cü yeri tutan klubu "Baltsan" ilə oyunda vaxt aparmasını görəndə utandım. "Bakcell Arena"da əyləşdiyim, daha doğrusu əyləşə bilmədiyim oturacağın altına girmək istədim. 3-cü qolu buraxacağımız halda stadionu necə tərk edəcəyimi, əynimdəki ağ-qara forma və boynumdakı şərflə yolları, səkiləri necə keçəcəyimi dərd edirdim. Ətrafdakıların "Neftçi yenə uduzdu?" sualına nə cavab verəcəyimi, bu dəfə hansı bəhanəni gətirəcəyimi düşünürdüm. 21 ildir ki, "Neftçi" azarkeşiyəm. Mən flaqmandan ötrü həyəcan keçirəndə indi o formanı geyinənlərin, top-top oynayanların çoxu hələ təzəcə dünyaya gəlmişdilər. Sonradan "Peraşki dövrü" adlandırdılar o dövrü. Amma daha ruhlu idi o dövrün "Neftçi"si. Çünki o futbolçular hansı klubun formasını geyindiklərini yaxşı anlayırdılar. Amma indi... Nə idmançı ruhu var, nə də fərasət. Qarda, yağışda, soyuqda, istidə "Neftçi" adı üçün tribunada olan sadə azarkeş qədər o adın əhəmiyyətini bilmirlər. Bilməzlər təbii ki... Çünki azarkeş "Neftçi" üçün pulundan keçməli olur, bunlar isə pul davası edirlər. Çingiz Abdullayev yenicə şura sədri olduqda gözəl, pafoslu cümlələrdən istifadə edirdi:
 
"Necə ki, Qız qalası, Xəzər dənizi, Muğam sənəti, Nizami Gəncəvi, Novruz bayramı və s. xalqımızın simvoludursa, "Neftçi" də elədir, elə olmalıdır"
 
Hanı bəs? 6-cı yeri tutaraq Avroliqaya vəsiqə qazanan, "Baltsan"ın ayaqları altında əzilən, adı yalnız qalmaqallarda çəkilən "Neftçi"dən danışırsınızsa, güldürməyin özünüzü camaata. 80 illik yubileyində hədəfi bilinməyən, azarkeşlərə tutarlı izahat verə bilməyən klub xalqın simvolu ola bilməz. Xalqın komandasında olanlardan xalqın xəbəri yoxdur. Bütün dünyada, xüsusilə, bizim kimi ölkələrdə olan iqtisadi böhrandan xəbərimiz var, anlayırıq. Lakin SOCAR bütün layihələrini davam etdirərkən yalnız "Neftçi"yəmi qənaət edir? Bəs "Neftçi" xalqımızın simvoludur" deyirdiniz. Dostlar, bəlkə də səmimiydiniz, amma bacarmadınız.
 
Düşün gedin o taxtdan. Çəkilin kənara, anlayanlar gəlsin, sahib çıxsın və idarə etsin. Sadıq Sadıqov, Tahir Süleymanov və başqalarını reklam etmirəm, onlardan bəhs etmirəm. Mənə-sadə bir fanata fərqi yoxdu, kim şura sədri olur, kim direktor olur. Bacaranlar gəlsin. Siz özünüzü doğrultmadınız, vaxtınız bitdi! Gedin, yoxsa... Ötən il bu zamanlar da təhdid etmişdik sizi, fəqət vədlərinizə inandıq. Bu il isə bağışlanmayacaqsınız. Sürprizimiz var sizə. Bir qrup azarkeşlə Prezidentə müraciət hazırlayırıq. Bizim flaqmanımız bizə-həqiqi sahiblərinə( azarkeşlərə) qaytarılsın deyə.
 
Tural Əlişov
 
P.S. Bu yazını sizə gecə saat 02:00-da göndərdim. Çünki biz, əsl "Neftçi"lilər yata bilmirik.

Xəbər xətti