"Biz yeni futbolçulara inanırıq"
"Zirə"nin baş məşqçisi Adil Şükürov Sportal.az saytına müsahibə verib.
- Komandanın hazırlığından danışardınız...
- Hər şey qaydasındadır. Hər şey plan üzrə gedir. Yoldaşlıq oyunları planlaşdırmışıq. Həmin matçlara hazırlaşırıq. Komandanın müdafiə xəttində daha çox çalışırıq.
- “Zirə” Bakıda və Türkiyədə hansı komandalarla yoldaşlıq oyunu keçirəcək?
- Bakıda “Sumqayıt” və AZAL-la qarşılaşacağıq. Türkiyədə bir neçə komanda ilə danışıqlar aparılıb. Amma dəqiq bilinmir.
- Tato və Bonilla “Zirə”nin əsas futbolçularından idilər. Onların əvəzinə Milan Duriç və Yasin Həmid gəldi. Sizcə bu transferlər gedənlərin boşluğunu doldura biləcək?
- Biz yeni futbolçulara inanırıq. Ümid edirik ki, onlar bunu bacaracaqlar. Düzdür, çətin olacaq. Amma inanıram.
- “Zirə” ötən mövsüm debütant idi. Aqressiv oynayırdı. Həmin komandanı formalaşdırmaq daha çətin idi, yoxsa bu mövsüm işiniz daha çətin olacaq?
- Bu il işimiz çox çətin olacaq. Komandamız yenidir. Müəyyən qədər vaxt lazımdır. Üzərimizdə təzyiq çox olacaq. Ötən mövsümü 2-ci yerdə başa vurmuşuq. Ən azından bu uğuru təkrarlamalıyıq.
- Komandaya yeni transferlər gözlənilir?
- 2-3 futbolçunu nəzərimizdə tutmuşuq. Həmin oyunçularla danışıqlar gedir. Yaxın günlərdə hər şeyə aydınlıq gələcək.
- Həmin futbolçular legionerlərdir, yoxsa yerli?
- Legioner futbolçulardır.
- Hazırda klubsuz olan azərbaycanlı futbolçular var. Onların xidmətində maraqlı olduğunuz oyunçu var?
- Hazırda klubsuz olan oyunçulardan komandamızı gücləndirə biləcək yerli futbolçu yoxdur.
- Viktor İqbekoye "Zirə" ilə müqaviləni uzadacaq?
- Bu məsələ dəqiqləşməyib.
Mehman ƏŞRƏFOV
saytlarin hazirlanmasi