Rəşad Sadıqov turnirdə 47 oyun keçirib
Avropa Liqası tarixində ən çox oyun keçirən futbolçuların siyahısı açıqlanıb. Tərtib edilən cədvəldə ən azı 35 oyun keçirən futbolçuların adları daxil edilib.
Sportal.az xəbər verir ki, siyahıya İtaliya “İnter”inin sabiq futbolçusu Cüzeppe Berqomi başçılıq edir. Berqomi turnirdə 96 oyun keçirib.
Siyahıda azərbaycanlı futbolçulardan ən yaxşı göstərici “Qarabağ”ın və millimizin kapitanı Rəşad Sadıqova məxsusdur. Sadıqov turnirdə 47 oyun keçirib və 4 qol vurmağa nail olub. Rəşad Sadıqovla yanaşı Ştefan Radu, Markel Susaeta, Bruno Soriano və Ceyms Milner də 47 oyun keçirib.
Siyahıda “Qəbələ”nin kapitanı Rəşad Sadiqovun da adı var. Sadiqov turnirdə 41 oyun keçirib və 4 qol vurub. Sadiqovla yanaşı Stilyan Petrov, Martin Ştransl, Sergey İqnaşeviç, Vladimir Şmiçer, Vyaçislav Malafeyev, Borxa Valero, Damyen Daff, Frederik Kanute, Fabien Bartez, İker Muniain, Naser Şadli və Xoakin kimi futbolçular da Avroliqa tarixində 41 matç keçiriblər.
“Qarabağ”ın və millimizin futbolçusu Maksim Medvedev isə turnirdə 40 oyun keçirib. Medvedevlə yanaşı Kristian Tataruşanu, Andrey Arşavin, İqor Akinfeyev, Françesko Totti, Marek Hamşik və Rayan Donk kimi futbolçular da Avropa Liqasında 40 qarşılaşmada meydanda olublar.
“Qarabağ”ın albaniyalı futbolçusu Ansi Aqolli isə turnir zamanı 36 oyun keçirib. Aqolli kimi Manişe, Roman Zozulya, Stefane M’bia, Didye Ya Konan, Elano, Daniel Alveş, Xesus Navas, Volkan Dəmirəl və Yürgen Klinsman da 36 oyunda forma geyiniblər.
saytlarin hazirlanmasi