AFFA "Bursaspor"un futbolçusunu milliləşdirir

13:25 - 10 İyul 2016

28 yaşlı hücumçu millidən təklif aldı
 
Türkiyənin "Bursaspor” klubunun hücumçusu Dəniz Yılmaz milli komandamızın formasını geyinə bilər.
 
Sportal.az xəbər verir ki, Türkiyənin aşağı yaş qrupları üzrə milli komandalarında forma geyinmiş 28 yaşlı hücumçu AFFA-dan təklif alıb. Bu barədə "Anadolu Ajansı”na futbolçunun meneceri Ərdəm Qaragöl məlumat verib. O, bildirib ki, futbolçu yaxın 3-4 gün ərzində qərarını verəcək:
 
"Dəniz  Türkiyənin əsas milli komandasından dəvət gözləyirdi. Ancaq bu məsələ reallaşmadı. O, milliyə dəvət almadığı üçün çox üzülmüşdü. Dəniz üçün ötən həftə Azərbaycan milli komandasına oynamaq təklifi almışıq. O, bu məsələni eşidəndə çox sevindi həm də buna inana bilmirdi. Futbolçum qərar vermək üçün 3-4 gün vaxt istəyib. İnanıram ki, hər şey yaxşı olacaq.  
 
Qeyd edək ki, 28 yaşlı Dəniz Yılmaz  "Ulm” klubunun yetirməsidi. Dəniz 2005-11-ci illərdə "Bavariya”nın II komandasının formasını geyinib. O, "Bavariya"nın əsas heyətində 9 oyun keçirib. Forvard daha sonra "Maynts”, "Paderbörn”, "Elazığspor” və "Trabzonspor” kimi komandalarda top qovub. Dəniz Yılmaz 2016-cı ildən "Bursaspor" klubunun şərəfini qoruyur.
 
Əlavə edək ki,  "Bursaspor"a mövsümün ikinci yarısında qoşulan Dəniz Yılmaz 13 oyuna 6 qol vurub.

Xəbər xətti