"Düdelanj"ın futbolçusu: "Cavab oyununda 3 qol vurub, mərhələ adlaya bilərik" MÜSAHİBƏ

11:11 - 13 İyul 2016

"İlk hissəyə çox bərbad başladıq"
 
Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ” öz meydanında Lüksemburqun "Düdelanj” klubunu 2-0 hesabıyla məğlub edib. 
 
Matçdan sonra "Düdelanj”ın futbolçusu Kevin Nakaçe Sportal.az saytına müsahibə verib:
 
- Qarşılaşma haqqında nə deyə bilərsiniz?
- Çətin oyun oldu. İlk hissəyə çox bərbad başladıq. İkinci hissədə isə özümüzə gəlməyə başladıq. İkinci hissədə oyunun hakimiyyəti tamamiylə bizdə idi. Amma alınmadı, qol vurmağı bacarmadıq. Düşünürəm ki, hər şeyə cavab matçında aydınlıq gələcək. 
 
- Baş məşqçiniz oyuna qələbə üçün çıxacağınızı demişdi. Ancaq "Düdelanj”dan əsər-əlamət yox idi...
- Dediyim kimi, qələbə qazana bilməməyimizə səbəb ilk hissədə yaxşı oynamamağımız idi. İlk hissəyə pis baladıq deyəndə, rəqibimizi taktiki cəhətdən yaxşı analiz etməmişdik. 
 
- Necə düşünürsən, "Düdelanj” ikinci matçda "Qarabağ”a 3 qol vura bilər?
- Əlbəttə, bunu bacara bilərik. Lüksemburqda tam başqa bir şey olacaq. Azarkeşlərimiz önündə oynayacağıq və çox başqa ab-hava olacaq. Düşünürəm ki, cavab oyununda üç qol vurub, mərhələ adlaya bilərik. 
 
- "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov "Düdelanj”ın stadionunun bərbad vəziyyətdə olduğunu bildirdi...
- Stadionumuzun ot örtüyünə söz ola bilməz. Sadəcə, həcmi Bakıdakı stadiondan balacadı. "Qarabağ” bizim stadionu tanımır və düşünürəm ki, buna görə belə bir fikir bildiriblər. Bizim öz meydanımızda böyük şansımız var.

Xəbər xətti