"Düdelanj"ın kapitanı: "İlk hissədə hər iki futbolçu meydanda ağalıq edirdi" MÜSAHİBƏ

12:21 - 13 İyul 2016

"Məğlubiyyətimiz faciə deyil"
 
Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ” öz meydanında Lüksemburqun "Düdelanj” klubunu 2-0 hesabıyla məğlub edib. 
 
Matçdan sonra "Düdelanj”ın kapitanı Conatan Juber Sportal.az saytına müsahibə verib:
 
- Qarşılaşma haqqında nə deyə bilərsiniz?
- İlk hissədə oyunumuz alınmadı. Hücumlar qurmaqda çətinlik çəkirdik. Çətin və ağır oyun keçdi. 1 qol vursaydıq, yaxşı olardı.
 
- Cavab matçında şanslarınızı necə qiymətləndirirsiniz?
- Çalışacağıq. Amma bu, çətin olacaq. “Qarabağ” çox güclü komandadır. Öz meydanımızda oynadığımız üçün şasnlarımız var. Oyundan əvvəl də cütün favoriti kimi “Qarabağ” göstərilirdi. Məğlubiyyətimiz faciə deyil.
 
- Sizcə, “Düdelanj”ın oyunu niyə alınmadı?
- “Qarabağ”ın yarımmüdafiə xətti çox güclü idi. Mən Riçard Almeyda və Migel Maderanın oyununu yaxşı mənada qeyd edərdim. İlk hissədə hər iki futbolçu meydanda ağalıq edirdi. 2-ci hissədə fikir verdinizsə, biz onlara oynama imkan vermədik. Buna görə də 2-ci hissədə rəqib bizə qol vura bilmədi. Amma təəssüflər olsun ki, biz də fərqlənə bilmədik.
 
- “Düdelanj”ın stadionu bərbad gündədir…
- Ot örtüyü normaldır. Amma oyun gününə qədər hər şeyin qaydasında olacağına ümid edirəm. Narahat olmayın (gülür).
 
- Baş məşqçiniz oyun başa çatan kimi futbolçuları ətrafına topladı və söhbət etdi. Sir deyilsə, Topmöller oyunçulara nə deyirdi?
- İkinci hissədəki oyunumuza görə bizə təşəkkür etdi. O, bizə heç nəyin bitmədiyini söylədi. Topmöller gənc mütəxəssisdir. Cavab matçında onu sevindirməyə çalışacağıq.
 
Mehman ƏŞRƏFOV

Xəbər xətti