"Tək yaşamaq fikrim var"
"Trabzonspor"un yeni transferi azərbaycanlı futbolçu Ramil Şeydayev Rusiya mətbuatına müsahibə verib.
Sportal.az həmin müsahibəni təqdim edir:
- Yeni komanda ilə tanış olmusuz?
- “Trazbzonspor”un çox yaxşı kollektivi var və çox sevinirəm ki, bu komandada çıxış edəcəm. Bütün futbolçularla tanış olmuşam. Yalnız ünsiyyət problemi var. Lakin gündən-günə mənə rahat olur. Komandada 3 legioner var və onlardan biri də mənəm. İngilis və türk dillərində bir-birimizi anlayırıq.
- Niyə “Zenit”lə yolları ayırmaq qərarına gəldiniz?
- Bu məsələlərə həmişə atamla məsləhətləşirəm. Bu dəfə də qərarı ailəmlə birgə verdik. “Trabzonspor”a keçməyim ailəmizin qərarı idi.
- Başqa komandaya icarəyə verilməyiniz gündəmdə var idi?
- Bəli, belə bir variant var idi. Sözün düzü heç bir yerə icarəyə getmək istəmirəm. İstəyirdim ki, hər hansı bir klubla müqavilə imzalayım və orada çıxış edim.
- “Zenit”də qala bilərdiniz?
- “Zenit” mənə yaxşı müqavilə təklif edirdi, lakin mən anlayırdım ki, əsas heyətdə oynamağım çətin məsələdir. Böyük ölçüdə buna görə komandanı tərk etdim. Çətin qərar idi. Lakin futbolçu həyatı belədir.
- Belə çıxır ki, siz “Zenit-2” və Rusiyanın I Divizion səviyyəsini aşmısız?
- Mən elə bir söz demədim. Bunu ən yaxşı məşqçilər bilər. İstədiyim o idi ki, öz gücümü yeni çempionatda sınayım.
- Adınız “Saprtak” Moskva ilə də hallanırdı. Bu transfer niyə baş tutmadı?
- Sözün düzü, “Spartak”a keçmək variantını nəzərə almırdım. Əsas məqsədim xarici çempionata getmək idi.
- Rusiyanın AÇ-2016-dakı uğursuz çıxışından sonra belə bir fikir yarandı ki, rusiyalı futbolçular öz güclərini xarici çempionatlarda sınasınlar. Sizə bu təsir etdi?
- Xeyr. “Zenit”lə müqaviləm başa çatanda Avropaya getməyi düşünürdüm.
- “Spartak” rəsmiləri ilə görüşmüsüz?
- Olub, amma mən heç kimlə danışıqlar aparmamışam. Mənim agentim onlarla söhbət edib. Amma mənim Rusiyanın digər klublarına getmək fikrim yox idi. Digər tərəfdən götürsək, “Spartak” “Zenit”in ən prinsipial rəqiblərindən biridir.
- Sirr deyilsə, sizi Rusiyanın başqa hansı klubları öz heyətində görmək istəyirdi?
- “Ural” variantı da var idi.
- Bəs, xaricdən hansı təkliflər var idi?
- Almaniyada təkliflər var idi, amma mən “Trabzonspor”a getməyə qərar verdim.
- “Zenit-2”nin baş məşqçisi Vladislav Radimov sizin “Zenit”dən ayrılmağınızla bağlı “instafram” hesabından təsirli bir status paylaşmışdı. Siz “Trabzonspor”a keçidiniz haqda baş məşqçinizlə danışmışdız?
- Əlbəttə. Vladislav Radimovla bu haqda söhbət etmişdik. Məşqçi mənə dedi ki, hər qərarıma hörmətlə yanaşır. Çox sevinirəm ki, o məni dəstəkləyir və anlayır.
- Bəs, “Trabzonspor”un baş məşqçisi Ersun Yanal barədə nə söyləyə bilərsiz?
- Onunla danışmamışam. Lakin nizam-intizama çox diqqət yetirən insandır. Şəndir. Məşqlərdə isə çox ciddidir. Onunla Vladislav Radimov arasında ortaq məqamlar var.
- Əsas heyət uğrunda ciddi rəqabət aparmalı olacaqsız...
- Əlbəttə. Çünki mənə deyən olmayıb ki, sən əsas heyət oyunçusu olacaqsan. Bu şansı özüm qazanmalıyam.
- “Trabzonspor”a keçməmişdən əvvəl Türkiyə çempionatını təhlil etmşdiniz?
- Bura gəlməmişdən əvvəl də bu çempionatı pis bilmirdim. Burada güclü komandalar var. Oyunlara çoxlu azarkeş gəlir.
- Sizə elə gəlmir ki, Türkiyə çempionatı “Beşiktaş”, “Qalatasaray” və “Fənərbağça”dan ibarətdir?
- Xeyr. Mən elə düşünmürəm. “Trabzonspor” 6 dəfə Türkiyə çempionu olub və dəfələrlə ölkə kubokunu başı üzərinə qaldırıb. Həmişə liderlərlə mübarizə aparıb və onların yanında olub. Çalışacağıq ki, çempionatı mükafatçılar sırasında bitirək.
- “Zenit”in heyətində Mirça Luçeskunun rəhbərliyi altında təlim-məşq toplanışında oldunuz. Fiziki durumunu haqda danışardınız...
- Özümü yaxşı hiss edirdim. Lakin Avstriya toplanışından sonra klubla müqaviləm başa çatdı. Tam məşq prosesi keçməyim üçün imkan qalmamışdı. Luçeskunun işi məndə müsbət fikirlər yaratdı. Onun barəsində pis fikir söyləyə bilmərəm.
- Belə xəbərlər yayılıb ki, siz Azərbaycan vətəndaşlığı almaq istəyirsiz?
- Bu suala dəqiq cavab verə bilmərəm. Yaxın zamanlarda hər şeyə aydınlıq gələcək. Lakin bilmirəm ki, bu informasiyalar internetə necə yayılıb?”
- Siz indi “Trabzonspor”un düşərgəsindəsiz?
- Bəli. Slovakiyada hazırlıq keçirik. Daha sonra isə Macarıstanda təlim-məşq toplanışı keçəcəyik. Türkiyə Super Liqasına avqustun 21-də start veriləcək.
- Türkiyədə tək yaşamaq qərarına gəlmisiz?
- Trabzon şəhərində olmamışam. Lakin fikrim var ki, bazaya yaxın bir yerdə ev tutum və orada tək yaşayım.
- “Trabzonspor”un azarkeşləri haqda maraqlanmısız?
- Şəkilləri və videoları görmüşəm. Kifayət qədər azarkeşləri var. Türkiyəli azarkeşlər çox fəaldırlar. Stadionlar Petrovski ilə müqayisədə böyükdür. Məlumatıma görə, sentyabr ayında yeni stadionun açılışı olacaq.
- “Zenit-2”ni yenə izləyəcəksiz?
- Mütləq. Keçmiş komanda yoldaşlarıma uğurlar arzulayıram.
- Gələcəkdə “Zenit”ə özünü isbatlamış futbolçu kimi qayıtmaq fikriniz var?
- Əslində mən Avropaya getmək istəyirəm. Özümü “beşlik” ölkələrində sınamaq istəyirəm. “Zenit” mənim doğma komandamdır. Hər şey mümkündür.
saytlarin hazirlanmasi