Araz Abdullayev: "Tənqidləri normal qarşılamaq lazımdı" MÜSAHİBƏ

01:46 - 15 İyul 2016

"Burda qeyri-adi heç nə baş verməyib"
 
Avropa Liqaısının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Neftçi” öz meydanında Makedoniyanın "Şkendiya” komandasını qəbul edib. 0:0 hesablı bərabərliklə başa çatan matçdan sonra "ağ-qaralar”ın kapitanı Araz Abdullayev jurnalistlərin suallarını cavablandırıb:
 
Sportal.az həmin müsahibəni təqdim edir:
 
- "Neftçi” növbəti dəfə öz meydanında qələbə üzünə həsrət qaldı. Qarşılaşma haqqında nə deyə bilərsiniz?
- Ağır oyun oldu. Hava şəraiti pis idi. Həddindən artıq isti var idi. Buna baxmayaraq biz əlimizdən gələni etdik. Ən azından bir qol vurmaq istəyirdik ki, səfərə sərfələi nəticə ilə yollana bilək. Çox səy göstərdik, amma alınmadı, hesabı aça bilmədik. Bu nəticəni özümüz üçün pis nəticə hesab etmirəm. Səfərdə vuracağımız bir qol bizi növbəti mərhələyə daşıya bilər. Çalışacağıq ki, bunu etməyi bacaraq. 
 
- Avrokubok oyunlarında qələbə qazanmaq sizin üçün çox çətin məsələyə çevrilib. Əvəzində isə səfərdə yaxşı oyun sərgiləyirsiniz. Bunu nəzərə alaraq, baş məşqçiniz bu gün heç-heçə oynamağınızı tapşırmışdı?
- Xeyr. Biz bütün oyunlara maksimum nəticə üçün çıxırıq. "Baltsan”la oyunda məğlub olsaq da,  zarkeşlərimiz bu gün də bizi tək qoymadı. Stadiona gələn və bizə dəstək olan azarkeşlərə təşəkkürümü bildirirəm.
 
- "Baltsan”la oyundan sonra ən çox tənqid olunan futbolçulardan biri sən idin. Hətta sənin komandadan göndərilməyini tələb edən azarkeşlər də var idi. Bu məsələyə münasibətin necədi?
- "Neftçi” böyük komandadı. Bizim böyük azarkeş ordumuz var. Başa düşürəm, azarkeşlərimiz bu cür oyunlardakı səhvləri bağışlamırlar. Onlar da stadiona bizə görə, doğma komandalarına dəstək olmağa görə gəlirlər. Normal tənqid olunuruq və bu tənqidləri normal qarşılamaq lazımdı. Burda qeyri-adi heç nə baş verməyib.
 
- Çempionat oyunları zamanı "Neftçi” qol vurmayanda məsuliyyəti öz üzərinə götürürsən. Bu gün isə bunu etməyə çəkindiniz. Rəqib şərait yaratmadı, yoxsa...
- Bu gün hücumda oynayırdım. Bilirsiniz ki, hücumda oynayanda müəyyən qədər çətin olur. Yarımmüdafiə xəttində oynayanda zərbə vurmaq və qapıçı ilə üz-üzə qalmaq üçün bir çox imkanlarım olur. Bu gün də bunu etdim. Zərbələr vursam da, "çərçivə”ni dəqiq nişan ala bilmədim.
 
- Necə düşünürsən, "Neftçi” 120 dəqiqə futbol oynamağa hazırdımı?
- Bizim komandanın əsasını gənclər təşkil edir. Bütün futbolçular var gücüylə işləyir. Görürsən ki, oyun heç-heçəyə gedir, gücünün bəzi hissəsini qalan vaxtlar üçün saxlayırsan. 
 
- "Baltsan”a məğlubiyyətdən sonra deyilənlər, yazılanlar futbolçulara təsir edibmi?
- Əlbəttə, belə şeylər futbolçulara təsir edir. Amma özümüzü toparlamağı bacarmalıyıq. Bizi tənqid edirlər və düşünürəm ki, tənqidlərdən də nəticə çıxarmaq lazımdı. 

Xəbər xətti