Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında taekvando yarışları davam edir.
Sportal.az xəbər verir ki, Azərbaycanı təmsil edən taekvondoçu Radik İsayev bu gün mübarizəyə qoşulub.
80 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən dünya və Avropa çempionumuz yarışlara 1/8 final mərhələsindən başlayıb.
O, ilk görüşündə qazaxıstanlı Ruslan Japarovla qarşılaşıb. Qazaxıstanlı idmançı ilə döyüşdə rəqibini 11:2 hesabı ilə məğlub edən təmsilçimiz növbəti - 1/4 final mərhələsinə adlayıb. 1/4 finalda Cənubi Koreya idmançısı, Pekin Olimpiadasının qızıl medalçısı Ça Donqminlə qarşılaşan R.İsayev rəqibinə 12:8 hesabı ilə qalib gələrək adını yarımfinala yazdırıb.
Yarımfinal mərhələsində Böyük Britaniya təmsilçisi Mahama Ço ilə döyüşdən də qalib ayrılan Radik İsayev Olimpiya Oyunlarının finalına yüksəlib. Bununla da idmançımız ən az "Rio-2016"nın gümüş medalını təmin edib.
Dünya və Avropa çempionumuz Radik İsayev finalda Niger təmsilçisi Abdulrazak İssufu Alfaqa qalib gələrək "Rio-2016"da ölkəmizə ilk qızıl medalı qazandırıb.