"Neftçi" dağılır, "Neftçi"ni dağıdırlar, Rövnəq Abdullayev isə hələ də susur QEYD

13:31 - 1 Sentyabr 2016

Tarix təkrarlanır. Yəqin, 7-8 il əvvəlki durumu “Neftçi”nin azarkeşləri unutmayıblar. Bərbad idarəçiliyin nəticəsində “Neftçi” iddiasız klub halına gəlmişdi, komandanın aparıcı yerli futbolçuları uzaqlaşdırılmışdı. Ölkənin ən köklü klubunun o vaxt göz qabağında dağıldığını görən Rövnəq Abdullayevin səbr kasası daşdı və prezident postuna Sadıq Sadıqovu gətirdi. Məhz bundan sonra “Neftçi” yenidən toparlandı, “Neftçi” kimi oynamağa başladı.

 

Bu “Neftçi” isə eynən 7-8 il əvvəlkini xatırladır. Hadisələr eyni ssenari ilə gerçəkləşir. Bərbad idarəçilik, biabırçı transfer siyasəti, bütün bunlar azmış kimi aparıcı yerli futbolçuları da komandadan uzaqlaşdırırlar. Çox absurd vəziyyət yaranıb bu klubda. Legionerlərdən heç bir xeyir yoxdur, az-çox yerli futbolçular nəsə etməyə çalışırlar. Rəhbərlik isə nə edir? Əlində olan-qalan 3-5 səviyyəli futbolçu ilə də yollarını ayırır. Araz, Ruslan, Rəhman, Cavid hər nə qədər yaxşı təsir bağışlamasalar da, indiki halda “Neftçi”nin onlardan daha yaxşı yerli futbolçu transfer etməsi mümkün görünmür. Digər tərəfdən klub bərbad idarə olunursa, bu, nəinki bu 4 futbolçunun, bütün komandanın oyununa öz təsirini göstərir, göstərəcək də!

 

Rövnəq Abdullayevin hələ də susqun olması maraq doğurur. Axı, o da görür ki, “Neftçi” dağılır, “Neftçi”ni dağıdırlar. Şura idarə metodu effekt vermədi, özünü doğrultmadı. Burada əfsanəvi məşqçi Valeriy Lobanovskinin bir ifadəsi yada düşür, kollektiv məsuliyyət olmur, kollektiv məsuliyyətsizlik olur! İndi də “Neftçi”də hərə məsuliyyəti bir başqasının üstünə atır. Əvvəllər klubun Sadıq Sadıqov kimi rəhbəri var idi. Heç bir problemdə, heç bir uğursuzluqda yaxasını kənara çəkmirdi. Yaxşısı da, pisi də onun adına idi. İndi isə...

 

Rövnəq Abdullayev bu biabırçılığa son qoymalıdır. Klubun bütün idarə heyəti təcili şəkildə istefaya göndərilməsə, durum lap pis olacaq. Müşahidə Şurası formal olaraq qala bilər. Necə ki “Sumqayıt”da şura var, amma klubun prezienti yenə də Kamran Quliyevdi. “Neftçi”də də belə olmalıdı. “Neftçi” ağır klubdu, hər adam orada işləyə bilməz. Sadıq Sadıqov, Tahir Süleymanov kimi adamlar yenidən “Neftçi”yə qayıtmalı, bu klubu çətin vəziyyətdən çıxarmalıdırlar. Rövnəq Abdullayev daha susmalı deyil!  

 

Həmid 

Xəbər xətti