Prosineçki: "Məqsəd Bakıya üç xalla qayıtmaqdır" MÜSAHİBƏ

00:05 - 4 Sentyabr 2016

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində səfərdə San-Marino ilə qarşılaşacaq milli komandamızın baş məşqçisi Robert Prosineçki oyundan əvvəl mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, xorvatiyalı çalışdırıcı əsas hədəflərinin 3 xal olduğunu vurğulayıb.
 
- San Marino ilə oyun barədə nə düşünürsüz?
- Keçdiyimiz hazırlığın gedişindən tam razıyam. Avqustun 24-dən təlim-məşq toplanışına yığışmışıq. Hər şey yaxşıdır. Bakıda da bunu demişdim, indi də təkrar edirəm: yaradılan şərait, baza, meydança, təlim-məşq toplanışı, bir sözlə, hər şeydən razıyam. Heyətimiz də hazırdır. Təəssüf ki, Ruslan Abışov və Bədavi Hüseynov zədələndi. Bunlar futbolda olan şeylərdir, duruma da məhz bu cür yanaşırıq. Şükülər olsun ki, qalan futbolçular sağlamdırlar və mübarizəyə hazırdırlar. Onlardan razı qalmışam, məşqlərdə özlərini ən yaxşı tərəfdən göstərdilər. Seçmə mərhələnin ilk oyununa qələbə ilə başlamaq istəyirik. Məqsəd Bakıya üç xalla qayıtmaqdır.
 
- Bədavi və onun əvəzləyicisi Ruslanın yoxluğunda Rəşad Sadıqovun yanında kim olacaq?
- Sonda heyəti açıqlayacam və bunu biləcəksiz.
 
- Təyyarədə əhval-ruhiyyəniz yaxşı idi. Bunu oyunçulara da aşılaya bilmisinizmi, yoxsa bu barədə narahat olduğunuz məqamlar varmı?
- Komandada ab-hava yaxşıdı, heç bir psixoloji gərginlik yoxdur. Səbrsizliklə sabahkı oyunu gözləyirik. Bu günə qədər məşqdə olanları yetirmələrim matçda da göstərə bilsələr, hər şey yaxşı olacaq. Oyuna əsas və tam heyətlə çıxmaq məşqçi üçün əla şansdır. Gərginlik yoxdur, oyuna hazırıq. Və mənimlə razı olarsız ki, hamımız sabahkı oyuna nikbin baxmalıyıq. Çünki yoxlama oyunlarında görüdklərim məni razı saldı. Ümid edirəm ki, rəsmi oyunda da eyni cür olacaq.
 
- Dəniz Yılmazın millimizdə oynaması üçün FİFA-dan rəsmi razılıq gəlib...
- Bu barədə oyundan sonra danışarıq. 
 
- Rəqib baş məşqçi oyunun favoriti kimi Azərbaycanı göstərdi. Bir şey də, mütəxəssis bugünkü Respublika Günü bayramını sabah da böyük hədiyyə ilə qeyd etmək istəyirlər...
- Fürsətdən istifadə edib, bütün San Marino xalqının bu bayramını təbrik edirəm. Ancaq bayram bayramdır, futbol isə futbol. Mən və komandam sabahkı oyuna yüksək motivasiya ilə çıxacağıq. Maksimum çalışacağıq ki, sabah rəqib yox, biz bayram edək.
 
- Məşqçinin müsbət əhvalda olması xoşdur. Maraqlıdır ki, sələfiniz avrokubok matçlarından gələn futbolçuların durumundan həmişə narazı qalır, yorğun olduqlarını bildirirdi. Sizdə durum necədir?
- Bilmirəm, məndən qabaqkı məşqçi nə deyib, niyə deyib... Yalnız onu deyə bilərəm ki, mən komandamdan, bütün futbolçularımdan razıyam. Heç bir yorğunluq, narahatlıq yoxdu, avrokuboklardan gələn oyunçularda mən istəyən səviyyədədirlər. Daha bir sevindiyim məqam Ramil Şeydayevlə Emin Mahmudovun bizə qoşulmasıdır. Təəssüf ki, öz komandalarında əsas heyətdə oynamırlar, ancaq ümid edirəm ki, bu durum dəyişər. 
 
- Üzərinizdə təzyiq hiss edirsinizmi?
- Sözsüz, təzyiq var. Həmkarımla razıyam ki, sabahkı matçda favorit Azərbaycan yığmasıdır. Ancaq ümid edirəm ki, bu bizə əlavə təzyiq verməz. Nə mənə, nə də oyunçularıma.
 
- Sabahkı oyunda sizi hansı hesab qane edəcək?
- Qələbə verən istənilən hesab.
 
- Əsas məqsəd qələbədi, bunun üçün isə qol vurmaq lazımdır. Hücum baxımından hansı plan üzrə çalışmalar edilib?
- Fikrimcə, son oyunlarda Azərbaycan yığması hücum qabiliyyəti olduğunu göstərə bildi. Bəzən fiziki hazırlığımız yetərli olmurdu və bu səbəbdən də çatışmazlıqlar yaranırdı. Son oyunlarda bunun üzərində işləmişik. Fəlsəfə olaraq hücum adamıyam, qələbəni ön xətdə axtarıram. Açıqlayacağım heyətdə də bunu görəcəksiz. San Marinonu izləmiş, incələmişik. Çətin rəqibdilər. Güclü komandalara qarşı oyunlarda böyükhesablı məğlubiyyətlər alsalar da, təhükəlidilər. Buna hazırıq. Rəqibə qol və ya qollar vurmağa çalışacağıq.
 
- AFFA-nın bu seçmə mərhələsi üçün şüarı “Niyə də yox?”dur. Baş məşqçi olaraq hazırkı komandanızdan qrupdan razısız. İnanırsınızmı ki, Azərbaycan DÇ-2018-in final mərhələsində oynaya biləcək?
- İlyarımdır burdayam və Azərbaycanda milli komandaya hamıdan çox mən inanıram. Ölkənin ən nikbin adamı mənəm bu barədə. Rəqiblərimiz çox güclüdür: Almaniya, Çexiya, Norveç, Şimali İrlandiya... Ancaq mən inanıram və mən də deyirəm ki, niyə də yox? İstərdim ki, tək mən yox, hamımız, siz də deyəsiz ki, niyə də yox? Keçən seçmə mərhələdə İtaliya, Norveç və Xorvatiya kimi rəqblərə qarşı oyunlarda göstərdik ki, istənilən komandaya qarşı oynaya biərik.
 
- Hələ də öz komandasında oynamayan futbolçuları milliyə dəvət edirsiz...
- Kimləri, məsələn?
 
- Kamran Ağayev, Emin Mahmudov, Ramil Şeydayev...
- Əminsiniz ki, onlar sabah oynayacaq? Emin Mahmudov çox yaxşı, əla futbolçudur, topla rəftarı, səviyyəsi məni çox razı salıb. “Boavişta”da hələ əsas heyətdə yoxdur, ancaq əminəm ki, çox qısa zamanda oynayacaq. Onun mövqeyində millidə oynayanlar rəqabəti hiss edəcəklər. Emin Mahmudovun yığmada olması həddiəndən artıq sevindirir. Şeydayev hələ gəncdir, ona belə toplanışlar, dəvətlər vasitəsilə təcrübə toplamaq lazımdır. Əmin olun ki, o da parlayacaq. Kamran Ağayev isə çox istedadlıdır. Mənə görə Azərbaycanın ən istedadlı, ən yaxşı qapıçısıdır, ən istedadlı oyunçularından biridir. Oynayıb-oynamaması ahzırda fərq etmir. Mən təəssüf edirəm ki, bu cür qolkiper özünə komanda tapa bilmir, kənarda qalır. Səlahət Ağayev və Anar Nəzirova da hörmətlə yanaşıram, ancaq Kamran həqiqətən ən yaxşısıdır. Seçmə mərhələ və yoldaşlıq oyunlarının dərin analizi də bunu təsdiqləyir.
 
- Belə başa düşdük ki, müdafiənin mərkəzində Maksim Medvedev oynayacaq...
- Bəli, onun belə təcrübəsi var və ona güvənirik. (Apasport.az)

Xəbər xətti