Milli formada küçə uşaqları QEYD

13:01 - 5 Sentyabr 2016

San-Marino ilə oyundan sonra millimizin futbolçusu Məhəmməd Mirzəbəyovun etdiyi qeyri-etik jest, tərbiyəsizlik nə birincidir, nə də sonuncu olacaq. Belə hallarla dəfələrlə rastlaşmışıq. Bunların bir-birlərinə ünvanladığı küçə söyüşləri ekranlarda əks-səda verəndə də, yazmışdıq ki, bunların bayırlığı yoxdur.

 

Və söhbət yalnız meydandan getmir. Bunların əksəriyyəti meydandan kənarda da özünü apara bilmir axı. Deyək ki, çoxunun normal təhsili yoxdur, bunu anladıq. Bəs, dünya görüşü, adi etiket qaydaları? Bunlara yiyələnmək üçün universitet oxumaq lazım deyil. Sadəcə, bir az dərindən düşünüb, gördüyün işin məsuliyyətini dərk etməlisən. Axı, siz tək özünüzü yox, Azərbaycanı təmsil edirsiz. Sizə milyonlar baxır, uşaqlar da, qadınlar da...

 

Bunların çoxu məişət həyatında da belədir. Ağızlarına gələni danışırlar, özlərini apara bilmirlər. Vərdiş isə çox təhlükəli düşməndir. Bayırda-bacada necə danışırlarsa, bir-biriləri ilə necə davranırlarsa, meydanda da belə edirlər, özlərinə nəzarəti itirirlər. Məhəmməd Mirzəbəyov etdiyi jestə görə üzr istəyib. Ola bilər ki, Məhəmməd daha heç vaxt belə etməsin. Amma belə hallar yenə davam edəcək, çünki bunların tipi belədir. Aralarında danışığını, duruşunu bilən, özünə hörmət tələb eləyən, qarşısındakılara hörmət qoyan çox azdır.

 

Bunlar milli futbolçular deyillər, milli formada küçə uşaqlarıdı...

 

Həmid

Xəbər xətti